Newscenter.az.6.12.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları və Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün üçgünlük seminar-treninq keçirilib.
İdarədən Newscenter.az-a bildirilib ki, seminarda Təhsil Nazirliyinin Audit şöbəsinin müdiri Vaqif Məmmədov, Audit şöbəsinin Əmlakın monitorinqi sektorunun müdiri Bəhruz Müslümov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) nümayəndəsi İdris İsmayılov iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi və ANAMA tərəfindən keçirilən seminar-treninqlərin əsas məqsədi GÇH fənninə aid kabinetdə təlim silahlarının, sursatlarının və elektron silahların saxlanma qaydaları barədə geniş məlumat vermək, təhlükəsizlik qaydalarına riayət edilməsinin vacibliyini çatdırmaq, GÇH rəhbərlərinin bilik və bacarıqlarını daha da inkişaf etdirmək, onları vəzifə öhdəlikləri ilə bağlı maarifləndirməkdən ibarətdir.
Seminarda çıxış edənlər GÇH fənninin şagirdlərin hərbi xidmətə mənəvi-psixoloji cəhətdən hazır olması, vətənpərvər ruhlu vətəndaş kimi formalaşması baxımından mühüm rol oynadığını bildiriblər. Müvafiq dövlət standartları əsasında hazırlanmış proqramlara və dərsliklərə uyğun tədris edilən bu fənnin eyni zamanda məktəblilərin ordu həyatı ilə tanış olmalarına, Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət etdiyini qeyd ediblər.
Təlim zamanı şagirdlərin silahları söküb-yığması, minaların zərərsizləşdirməsi, əleyhqazlardan istifadə olunması, hədəfin nişan alınması və digər normativlərin yerinə yetirilməsində təhlükəsizlik qaydalarına dəqiq riayət edilməsinin, partlamamış hərbi sursatlar və təqlid vasitələri ilə davranış qaydaları, müvafiq hallarda dərhal Daxili İşlər Nazirliyinin 102 və ya Fövqəladə Hallar Nazirliyinin 112 “Qaynar xətt”inə məlumat verilməsinin önəmi vurğulanıb.
Sonda təlim silahlarına, sursatlarına baxış və onların yoxlanması qaydaları ilə əlaqədar müvafiq tövsiyələr verilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
R.Mehdiyeva