Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib



Newscenter.az.7.12.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 283 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

Newscenter.az-a daxil olan məlumata görə, “Cahana sığmayan şair” adlı tədbirdə millət vəkili Qənirə Paşayeva, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi Rayon İcra Hakimiyyəti (İH) başçısının müavini Aygün Əliyeva, BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, İdarənin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Ümumi təhsil sektorunun müdiri Fuad Babyev, İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova, müəllimlər, şagirdlər və valideynlər iştirak ediblər.

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə Zeynalova böyük Azərbaycan şairi Nəsiminin həyat və yaradıcılığından, yaşadığı dövrdən, şairin əsərlərindən bəhs edib, onun zəngin bədii irsinin tədqiqi istiqamətində aparılan işlərdən danışıb.

Çıxış edən millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin ölkədə “Nəsimi ili” elan edilməsinin çox əlamətdar və təqdirəlayiq hadisə olduğunu vurğulayıb. Millət vəkili qeyd edib ki, Nəsimi yaradıcılığındakı mübarizlik, haqqı bütün varlığı ilə müdafiə etmək, nahaqqa qarşı son damla qanınacan vuruşmaq bütün xalqın, ilk növbədə, gənc nəslin formalaşmasına müsbət təsirini göstərib.

BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva “Nəsimi ili” ilə əlaqədar ölkəmizdə və ölkəmizdən kənarda silsilə tədbirlərin, təqdimatların keçirilməsinin və şairin ədəbi irsinin yenidən öyrənilərək dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb. Müdir müavini Nəsimi adının nəinki ölkəmizdə, hətta beynəlxalq arenada da uca tutulduğunu və dünya ictimaiyyətinin də onun yaradıcılığı ilə tanış olduğunu bildirib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri olduğunu vurğulayıb.

Sonra şagirdlərin ifasında görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin şeir və qəzəllərindən nümunələr səsləndirilib, əsərləri əsasında bəstələnmiş mahnılar ifa olunub. Həmçinin şagirdlər görkəmli şairin əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

R.Mehdiyeva
Xəbəri paylaş