Newscenter.az.16.12.2019. İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda səfərdə olan Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyi, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyi vurğulanıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ilin Azərbaycan-Rusiya əməkdaşlığının genişlənməsi baxımından xüsusilə uğurlu olduğunu qeyd edib, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın bu yaxınlarda Moskvaya səfərinın qarşıdakı dövrdə əlaqələrin intensivləşdirilməsi prosesinə yeni impuls verdiyini diqqətə çatdırıb.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Rusiya regionlarının Azərbaycanla əlaqələrin inkişafında marağını vurğulayıb, Rusiyanın federal subyektləri, xüsusilə Həştərxan vilayəti ilə sıx münasibətlərin qurulmasından məmnunluğunu ifadə edib.
Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2020-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar.
Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir
Zaur