Newscenter.az.16.12.2019. Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov və Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov Baytarlıq Elmi-Tədqiqat İnstitutunun kollektivi ilə görüşüb. Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, institutun direktoru Siyalə Rüstəmova birillik fəaliyyətlə bağlı tədbir iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, son illərdə aqrar elmə yanaşmaların dəyişməsi institutda tədqiqat işlərinin yenidən təşkilinə böyük imkanlar açıb. Bildirilib ki, institutun binası müasir tədqiqatların aparılması üçün əsaslı şəkildə təmir edilib, yeni laboratoriyalar qurulub, ən son avadanlıqların alınaraq quraşdırılması həyata keçirilməkdədir. Qeyd olunub ki, elmi-tədqiqat institunun 2020-2025-ci illər üçün hədəflərinə kənd təsərrüfatı heyvanlarının invazion və infeksion xəstəliklərinin molekulyar biologiya səviyyəsində diaqnozunun qoyulması, yerli ştammlardan istifadə edərək serrum, vaksin və diaqnostikumların istehsalı kimi istiqamətlər daxildir.
Vurğulanıb ki, ipəkqurdunun yemləndirilməsi üçün süni yemin hazırlanması hədəfinin həyata keçirilməsi məqsədilə institutun Abşeron Təcrübə Stansiyasında Çindən gətirilmiş 65 min tut tingindən, 8 min yerli tinglərdən ibarət 10 hektarda intensiv bağ salınır: “Hazırda institutda ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyası yaradılmaqdadır, 15 regional elmi-tədqiqat dayaq bazası formalaşdırılacaq ki, ilkin pataloji materialların regionlardan toplanması onlar tərəfindən həyata keçiriləcək. İnşası davam etdirilən heyvan sağlamlığı klinikası fevral ayından fermerlərin istifadəsinə veriləcək”.
S.Rüstəmova bildirib ki, elmi əməkdaşlıq imkanlarını genişləndirmək məqsədi ilə AMEA-nın Genetik Ehtiyatlar və Mikrobiologiya İnstitutları ilə müqavilələr imzalanıb. Hazırda göbələk tərkibli yem əlavələrinin istehsalı ilə bağlı birgə tədqiqatlar aparılır. Eyni zamanda, Rusiya, Qazaxıstan, Ukrayna və Litvanın elmi istehsalat müəssisələri ilə əməkdaşlıq müqavilələr bağlanıb ki, bu da yaxın gələcəkdə birgə istehsal fəaliyyətinin qurulmasına imkan verəcək.
İnstitutun birillik fəaliyyətini qənaətbəxş qiymətləndirən Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov aqrar elmin gələcək prioritetləri haqqında danışıb. Gənc kadrların hazırlanması, laboratoriyalardan səmərəli istifadə edilməsi, baytarlıq elminin daha da inkişaf etdirilməsinin vacib olduğunu deyən İ.Cümşüdov qeyd edib ki, qlobal çağrışlar fonunda elmi-tədqiqat işləri müasirləşdirilməli, fermerlərin üzləşdikləri problemləri əhatə etməli və aqrar iqtisadiyyata öz tövhəsini verməlidir: “Aparılan tədqiqat işinin hər biri istehsalatda öz əksini tapmalıdır, heyvandarlıq təsərrüfatlarına göstərilən elmi təminatın səviyyəsinin yüksəldilməsi üçün institut innovativ yanaşmalar həyata keçirməlidir, diaqnostika üsulları müasir olmalıdır ki, xəstəliklərlə mübarizənin səviyyəsi yüksəlsin”.
Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov rəhbərlik etdiyi qurumun vəzifələri haqqında geniş məlumat verərək həmkar təşkilatlarının kollektivdaxili münasibətlərin yüksəldilməsində rolunu vurğulayıb. Yaxın gələcəkdə birlik tərəfindən həyata keçiriləcək mədəni-kütləvi tədbirlər haqqında məlumat verən F.Məmmədov institut əməkdaşlarını həmkarlar təşkilatlarında aktiv fəaliyyət göstərməyə çağırıb.
Daha sonra Baytarlıq Elmi-Tədqiqat İnstitutu Həmkarlar İttifaqı Komitəsinin sədri Eldar Kosayevin hesabatı dinlənilib və elmi işçiləri maraqlandıran suallar cavablandırılıb.
Orxan