Newscenter.az.19.12.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mingəçevir Şəhər İcra Hakimiyyətinin (İH) birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.
Newscenter.az-a Dini Komitədən bildirilib ki, din xadimləri, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi seminar-müşavirəni giriş sözü ilə açan şəhər İH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev şəhərdəki mövcud dini durum, dini icmaların və din xadimlərinin fəaliyyəti barədə ətraflı məlumat verib. Eyni zamanda, natiq çıxışında dövlət-din münasibətləri və dini radikalizmə qarşı mübarizə istiqamətində görülən işlərdən də danışıb.
Daha sonra çıxış edən DQİDK sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, müqəddəs ibadət ocaqlarının təmiri və inşası geniş vüsət alıb. Səyyad Salahlının sözlərinə görə, Ulu Öndərin Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, ölkəmizdə ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında müstəsna xidmətləri olub: “Ümummilli Liderin həyata keçirdiyi siyasətdə tolerantlıq hər zaman diqqət mərkəzində olub. Sevindirici haldır ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir”-,deyə DQİDK sədrinin birinci müavini əlavə edib.
Səyyad Salahlı onu da diqqətə çatdırıb ki, Şərqlə-Qərbin qovşağında yerləşən və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri olan Azərbaycan öz milli-mənəvi, dini dəyərlərinə hörmətlə yanaşan ölkə kimi tanınır.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, müasir dövrdə radikalizm dünya miqyasında narahatlığa səbəb olan problemlərdən biridir. Dini radikalizm din adına müxtəlif formalarda törədilən terror aktlarında özünü göstərir.
Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Ramil Baxşəliyev, İH başçısı Aparatının nümayəndəsi Tofiq Əsgərov və başqaları çıxış edərək bildiriblər ki, milli və dini dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün daha çox aktualdır. Qeyd olunub ki, bu dəyərlərin Azərbaycan xalqının formalaşmasına təsiri böyük olduğu kimi, milli dövlətçiliyimizin möhkəmləndirilməsində də xüsusi rolu vardır.
DQİDK-nın sifarişi ilə çəkilmiş “Üfüqdəki gələcək” sənədli filminin də nümayiş olunduğu ikigünlük seminar-müşavirə müzakirələrlə başa çatıb.
Mehman