Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun



Newscenter.az.19.12.2019. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində Xarici Işlər Nazirliyinin orta və yüksək vəzifəli diplomatları və hökumət qurumlarından olan dövlət qulluqçuları üçün"Qabaqcıl Xarici Xidmət Proqramı" çərçivəsində mühazirə deyib. Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, tədbir iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və hazırki vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, Ermənistanın status-kvonun saxlanmasına və sülh prosesinin pozulmasına yönəlmiş qeyri-konstruktiv mövqeyi münaqişənin uzanmasına səbəb olur. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin, ATƏT-in, AŞPA-nın və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qətnamələrin və qərarların yerinə yetirilmədiyi bildirilib. Bu qərar və qətnamələrin icrasına münasibətdə beynəlxalq ictimaiyyət “ikili standart”lar nümayiş etdirir. Nəticədə, münaqişə nizamlanmayıb,işğal olunmuş rayonlar talanır, burada olan maddi-mənəvi mədəniyyət nümunələri məhv edilir.

Nəzərə çatdırılıb ki, işğal nəticəsində ağır məhrumiyyətlərə məruz qalan və insan hüquqları kobudcasına pozulan qaçqın və məcburi köçkünlər dövlət qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli ilə bağlı tapşırıqlar verir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşır, ən ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı verdiyi tapşırığın icrasını nəzarətdə saxlayır.

Dövlət tərəfindən məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində bütün zəruri infrastruktur obyektləri ilə təchiz edilmiş 106 qəsəbə tikilib, beləliklə 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Bundan başqa məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən məcburi köçkünlərə vahid aylıq müavinət verilir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu məbləğ son bir ildə 70 faizə qədər artırılaraq 60 manata çatdırılıb.

Qeyd olunub ki, həyata keçirilən tədbirlərin miqyasına baxmayaraq, hələ də ağır şəraitdə yaşayan məcburi köçkün ailələri var. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət başçısının verdiyi tapşırıqlar ardıcıllıqla icra olunur. Məcburi köçkünlərin ən böyük istəyi ərazilərimizin işğaldan azad edilməsi və doğma yurdlarına qayıtmalarıdır. Bildirilib ki, dövlət qurumları və beynəlxalq təşkilatların iştirakı ilə hazırlanmış “Böyük Qayıdış”proqramının icrasına Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində başlanılıb. Cocuq Mərcanlıpost-konflikt reabilitasiya tədbirlərinin unikal modelidir. Dövlətin məqsədi odur ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və bundan sonra “Böyük Qayıdış” proqramı tam olaraq icra edilsin. Əminik ki, ölkə prezidenti, Ali baş komandanın rəhbərliyi altında bu məsələ həllini tapacaq. Məcburi köçkünlər beynəlxalq hüquqda təsbit olunmuş könüllü surətdə və ləyaqətlə öz torpaqlarına qayıtmaq hüquqlarından istifadə edərək torpaqlarına qayıdacaq.

Gənc diplomatlara və hökumət qurumlarının təmsilçilərinə iştirak etdikləri beynəlxalq tədbirlərdə xalqımızın haqq səsini ucaltmaq və ədalətli mövqeyini müdafiə etmək üçün daha böyük səylə çalışmaq tövsiyə edilib.
Daha sonra seminar iştirakçılarının sualları cavablandırılıb.

Aydan
Xəbəri paylaş