Newscenter.az.6.01.2020. "İraq parlamenti Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib. İraq parlamenti belə bir qərar qəbul etmək məcburiyyətində idi. Bağdad iranlı generalın İraq ərazisində öldürülməsinə görə Amerikaya hansısa şəkildə etiraz etməli idi. Ancaq Bağdadın Amerikaya həddən artıq sərt mövqe sərgiləməsi İraq hökumətinə problem yarada bilər".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O, qeyd edib ki, İraq parlamentindəki səsvermədə kürd və sünni millət vəkilləri iştirak etməyiblər:
"Bu isə o deməkdir ki, Amerika İraqın şimalındakı kürdlərdən Bağdada təzyiq məqsədi ilə istifadə edə bilər, üstəgəl İraqdakı sünni qruplar da İranın bölgədə fəallığının əleyhinədirlər. Amerika İraq parlamentinin qərarına görə bu ölkədəki hərbi bazalarını dərhal boşaltmayacaq. Bu bazalarda 5 minə yaxın amerikalı hərbçi var. Vaşinqton Bağdaddakı beyinlərin soyumasını gözləyəcək. Elə İraq hökuməti də vaxt udmaq istəyir ki, İran öz generalının ölümündən tədricən özünə gəlsin və rasional qərarlar qəbul etməyə üstünlük versin".
Politoloq deyib ki, bütövlükdə isə dünya İranın cavab aksiyasına hazırlaşır:
"Və cavabın miqyasının böyük olmamasını arzulayır ki, Avrasiya bölgəsi müharibəyə sürüklənməsin. Təsadüfi deyil ki, İran prezidenti və xarici işlər nazirinə zəng edənlərin sayı hesabı yoxdur. Müxtəlif ölkələrin,o cümlədən İrana qonşu ölkələrin rəsmiləri Qasım Süleymanini ölümü ilə əlaqədar Tehrana başsağlığı verməklə yanaşı, iranlı həmkarlarını sərt addımlardan çəkindirməyə çalışırlar. Avropa da narahatdır. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Cavad Zərifi Brüsselə dəvət edilib. Ancaq müharibə şəraitində əsas söz sahibi hərbçilərdir. İranın dini lideri Əli Xamaneyinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan Amerikanın CNN kanalına müsahibəsində deyib ki, Amerikanın hərbi məntəqələrinə hücum hazırlayırıq".
Xosrov