Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır



Newscenter.az.30.06.2020. Son zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaşanmaqdadır. Regionda ən acınacaqlı vəziyyət isə Ermənistandadır. Bunun qarşısını almaq üçün işğalçı dövlətin nə güclü iqtisadiyyatı var, nə də ölkədə düzgün siyasət aparılır. Ermənistanda yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları, iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik əldə olunmaması ölkədə xalq arasındakı narazılığı da gücləndirib. Həmçinin vətəndaşlarının sağlamlığını, onların sosial vəziyyətini düşünmək əvəzinə Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti taktiki "döyüş hazırlığı" vəziyyətinə gətirib. Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir.

Xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir. Son illər ərzində Ermənistanda açılan ağır cinayət işlərinin xeyli hissəsini bu ölkədə siyasi hakimiyyətdə təmsil olunan, orduya rəhbərlik edən şəxslərin kriminal əməlləri təşkil edir. Bu gün Ermənistanda diktatura hökm sürür.

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin"N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən bildirdi ki, Ermənistanın prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkardır: "Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Ermənistan tarixi doğrudan da rüsvayçılıqlarla doludur. Ermənistan işğal altındakı torpaqlarımızda toponimləri saxtalaşdırır, mədəni abidələrimizi, məscidlərimizi məhv edir. Ancaq Ermənistanın hazırkı ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar birmənalı olaraq bu məsələyə reaksiya verməli, işğala son qoyulmalıdır. Xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmaya reaksiya verməlidirlər". Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq.

Bu artıq bir faktdır ki, Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Pandemiya Ermənistanda ictimai, siyasi və iqtisadi münasibətləri alt-üst edib və ictimai rəydə baş naziri artıq “arzuolunmaz lider” kimi görürlər. Çünki virusla mübarizə üçün həm insanların sağlamlığı, həm ölkənin iqtisadiyyatı, həm də əhalinin sosial vəziyyəti nəzərə alınaraq çox həssas və incə bir siyasət yürütmək lazımdır. Lakin koronovirusa qarşı dayanıqlı siyasət yürütmək heç də hər ölkəyə qismət olmur. Ermənistan hakimiyyəti də pandemiya ilə layiqli mübarizə aparmağı bacarmayan ölkələr sırasındadır. Belə ki, əhalisinin sayı 3 milyona belə çatmayan Ermənistanda gündəlik yoluxma sayının artıq 700-ü üstələməsi ölkədə həyəcan təbilinin çalındığının işarəsidir. Ölkə rəhbərliyi isə virusla mübarizədə effektiv gediş edə bilmir ancaq beynəlxalq təkilatlardan pul dilənməklə nəyəsə nail olmağa çalışır. Bununla yanaşı ölkəni siyasi repressiyalar ağuşuna alır. Baş nazir Paşinyan problemi həll etmək əvəzinə, populist bəyanatlarla çıxış edir. Pandemiyaya məğlub olan hökuməti müxalifətin sərt tənqidi ilə üzləşir. Nəticədə ölkədə siyasi böhran yaranır, siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına ciddi təzyiqlər edilir. Əks tərəf isə hakim ailəyə qarşı korrupsiya və digər qanun pozuntuları ilə bağlı ittihamlar irəli sürür. Ölkədə vəziyyət o həddədir ki, hətta baş nazir əhalini təhdid etməyə başlayıb.

Bir müddət öncə “Çiçəklənən Ermənistan”dan olan deputat Naira Zohrabyan Paşinyanı tənqid edib və bildirmişdi ki, hökumətin pandemiyaya qarşı mübarizə planı mövcud deyil. Onun sözlərinə görə, insanlar qaydalara riayət etməyə, qanunlara əməl etməyə borcludurlar, ancaq epidemiyanın yayılmasına qarşı mübarizə aparan orqanların nə etdiyini heç kəs anlamır. Müxalifət epidemiya siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirir. Müxalifət bəyan edir ki, pandemiyanın ilk günlərində tətbiq olunan məhdudiyyətlərə əhali əməl etmədi və bunun məsuliyyətini də Paşinyan daşıyır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan Ermənistan Baş nazirinin müavini Tigran Avinyan ümumiyyətlə, koronavirus barədə məlumata belə malik deyildi. Bütün bu səriştəsizliklər öz sözünü dedi. Nəticədə, Ermənistan pandemiya qarşısında tam məğlub oldu və Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırdı.

Beləliklə, bir yandan pandemiya, bir yandan da qarşısıalınmaz görünən siyasi xaos Ermənistan adlı dövləti iflic və idarəolunmaz vəziyyətə gətirir.

Anar Məmmədov-Milli Məclisin deputatı
Xəbəri paylaş