Newscenter.az.3.07.2020. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolu ünvanında fiziki şəxs Babayev Füzuli Hidayət oğlunun həyətyanı sahəsinə baxış zamanı tikili sahədə heç bir baytarlıq-sanitariya ekspertiza arayışı və mənşəyi məlum olmayan, ilkin orqanoleptik göstəricilərinə görə kəskin qoxulu, rəngi qaralmış, üzərində yapışqan seliklər olan ümumi çəkisi 200 kq-a yaxın at əti aşkarlayıb. Yoxalama zamanı ferma tipli tikililərdə 4 baş at, qoyun və keçilərin kəsim üçün saxlanıldığı müəyyən edilib.
Götürülən nümunələr analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Orxan