Newscenter.az.4.07.2020. İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə pandemiya ilə mübarizədə ictimai iştirakçılığın və nəzarətin gücləndirilməsi məqsədilə onlayn görüş təşkil olunub.
Nazirlikdən verilən məlumata görə, rəhbər şəxslərin, millət vəkillərinin, ictimai təşkilatların və biznes assosiasiyalarının iştirakı ilə keçirilən görüşdə pandemiya ilə mübarizənin ümummilli məsələ olduğu və hər bir Azərbaycan vətəndaşının, ictimai təşkilatların və biznes assosiasiyalarının koronavirus infeksiyasının yayılmasının qarşısının alınması tədbirlərində fəal iştirakının, sosial məsuliyyətinin gücləndirilməsinin, vətəndaş təəssübkeşliyinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl etməyən şəxslərə, sahibkarlara qarşı ciddi ictimai qınaq formalaşmalı və bu sahədə ictimaiyyət nümayəndələrini, sahibkarları birləşdirən təşkilatlar və biznes assosiasiyaları daha fəal olmalı, özlərinin, yaxınlarının, təmsil etdikləri biznes sahəsinin müəyyən olunmuş tələblərə riayət olunmasını təmin etməli, maarifləndirmə və məlumatlandırma tədbirlərinə öz töhfələrini verməlidirlər. Diqqətə çatdırılıb ki, yalnız dövlət-biznes-vətəndaş birliyi ilə bu çətin mübarizədən qalib çıxmaq olar.
Onlayn görüşdə iştirak edən ictimai təşkilatlar və biznes assosiasiyalarının rəhbərləri pandemiya ilə mübarizədə həmrəyliklərini vurğulayıblar. Videokonfransda Azərbaycan hökuməti tərəfindən həyata keçirilən sistemli tədbirlərə dəstək məqsədilə dövlət-biznes-vətəndaş cəmiyyəti platforması çərçivəsində birgə layihələrin, maarifləndirmə işlərinin görülməsinə, ictimai aksiyaların təşkilinə dair fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və konkret layihələrin icrası barədə razılığa gəlinib.