Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Açıq döyüşə susayan aslan ürəkli gənclərimizlə həqiqətən fəxr etməyə dəyər



Newscenter.az.18.07.2020. Qəhrəman hərbçilərimiz işğalçı Ermənistanın sərhəddə törətdiyi növbəti təxribatının qarşısını qətiyyətlə aldığı və düşməni peşman etdiyi günlərdə paralel olaraq ən çox fəallıq göstərən gənclərimizin də fədakarlığını xüsusi qeyd etməliyik. Bütün Azərbaycanın ayaqda olduğu bu son günlərdə gənclərimiz əsasən üç istiqamətdə fərqləndilər. İlk növbədə Tovuz gənclərinin qorxmazlığını, vətənsevərliyini, döyüş əzmini qeyd etmək lazımdır. Tovuzlu gənclər iyulun 12-dən başlayaraq birbaşa döyüşlərin getdiyi sərhəd zonasına gələrək döyüşlərə qatılmağa, torpaqlarımızın müdafiəsi uğrunda döyüşən əsgərlərimizə kömək etməyə hazır olduqlarını bildiriblər. Açıq döyüşə susayan bu cür aslan ürəkli gənclərimizlə həqiqətən də fəxr etməyə dəyər.

Gənclərimimizin qürur doğuran növbəti addımı isə Bakıda və bölgələrdə təşkil olunan dəstək yürüşləri oldu. İşğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə Bakıda təşkil edilən izdihamlı yürüş düşmənlərimizə əsl göz dağı idi. Bu möhtəşəm dəstək yürüşü Azərbaycan gənclərinin öz Ali Baş Komandanı ilə, öz Milli Ordusu ilə birlik və həmrəylik nümunəsi idi. Bu yürüşü izləyən ermənilər bir həqiqəti başa düşdülər ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günə qədər Azərbaycan xalqı, Azərbaycan gəncləri mübarizədən əl çəkməyəcək və düşmənin cavabını verməyə çalışacaq. Bu mesaj və bu mənzərə erməniləri ciddi şəkildə narahat etdi, qorxuya saldı.
Biz bir daha gənclərimizin Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Belə ki, dövlət başçısının məlum çağırışından sonra gənclərimizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri və düşmənə qarşı döyüşlərə qatılmaq əzmini ortaya qoymaları hər birimizə Azərbaycan gəncliyi ilə öyünməyə əsas verir.
Tovuz döyüşlərində ermənilərə qarşı qəhrəmanlıqla döyüşən əsgər və zabitlərimizlə yanaşı, görünməyən cəbhədə - informasiya savaşı cəbhəsində mübarizə aparan gənclərimizin də əməyini, fədakarlığını təqdir etmək mənəvi borcumuzdur. Sərhəddə erməni təcavüzkarlarına qarşı qızğın döyüşlər getdiyi məqamda həm diaspor gənclərimiz, həm də vətənsevər könüllülərimiz sosial şəbəkələrdə dövlətimizə, ordumuza qarşı dezinformasiya çirkabı yağdıran ermənilərlə dünya miqyasında fəal mübarizə apardı. Onlar iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə Twitter və Facebookda ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı əsl həqiqəti əks etdirən informasiyalar paylaşmağa başladılar. Məhz gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində Twitter.com sosial şəbəkəsində #KarabakhisAzerbaijan, #StopArmenianAgression həştəqləri dünya trendinə düşdü. Bu Azərbaycan gənclərinin ümummilli məsələlər naminə birləşə bilməsinin təzahürü idi.

Vətənpərvər gənclərimizin informasiya savaşındakı bu qələbəsi ermənilərə zərbə olmaqla bərabər, ölkəmizdə yuva salmış "beşinci kolon"a və zorakı yolla Milli Məclisin binasına soxulan təxribatçı ünsürlərə də ciddi dərs oldu. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, DADP-nin üzvü olan gənclər də bugünlərdə Ali Baş Komandanımıza, Ordumuza dəstək nümayiş etdirdilər. Sosial şəbəkələrdə Ermənistan təxribatına və erməni yalanlarına qarşı fəal mübarizə aparan gənclərimiz arasında DADP Gənclər Təşkilatının üzvləri də vardı. Onlar ermənilərin feyk xəbərlərinin qarşını almaq və əsl həqiqətləri dünya ictimiyyətinə çatdırmaq üçün əllərindən gələni etdilər. Gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə müsəlləh əsgər kimi hazırdırlar. Vətənpərvər Azərbaycan gənclərinə eşq olsun!

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş