Newscenter.az.18.07.2020. 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində qəfildən və xaincəsinə hücum edərək növbəti hərbi təxribat törətmiş və bununla da bir daha öz faşist, işğalçı xislətini nümayiş etdirmişdir.
Şanlı Azərbaycan Ordusunun təxirəsalınmaz və qətiyyətli tədbirləri nəticəsində erməni faşistlərinin hücumunun qarşısı cəsarətlə alınmış, düşmənə layiqli cavab verilmişdir. Ermənilərin bu təxribatının qarşısının alınması və düşmənə sarsıdıcı zərbələrin endirilməsi Azərbaycan Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin yüksək səviyyədə olmasını bir daha təsdiq etməklə, xalqımızın ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyev ətrafında sıx birləşməsinin, xalq-iqtidar-ordunun sarsılmaz birliyinin, yüksək vətənpərvərliyinin, həmrəyliyinin bariz sübutudur. Siyasi baxışlarından, yaşından, sosial statusundan, vəzifəsindən, cinsindən, etnik mənsubiyyətindən, mülkiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşları pandemiyanın törətdiyi çətinlikləri və məhrumiyyətləri unudaraq, mənfur düşmənin növbəti dəfə Vətənimizin torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Silahlı Qüvvələrimizə, Ali Baş Komandana dəstəklərini ifadə etmişlər.
Fərəhləndirici haldır ki, bu çətin, mürəkkəb bir zamanda, Vətənimizin ağır günlərində respublikamızda fəaliyyət göstərən müxtəlif siyasi partiyalar və təşkilatlar da yüksək siyasi mədəniyyət nümayiş etdirərək, bu prosesdən geri qalmamış, müstəqillik tariximizdə ilk dəfə olaraq siyasi proqram və platformalardan asılı olmayaraq, siyasi baxışlarını bir yana qoyaraq, milli həmrəylik göstərərək, Ali Baş Komandanın yanında olduqlarını bəyan etmişlər.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların cəbhədəki son təxribatları ilə əlaqədar yaydığı milli həmrəylik bəyanatı Azərbaycan xalqının birliyinin, Vətən, ümummilli, ümumxalq dövlətçilik maraqlarının siyasi, partiya, şəxsi maraqlarından üstün olmasının əyani nümayişidir. Məhz bu prinsiplər əsl demokratik, sivil cəmiyyətlərə xas olan prinsiplərdir – xalqın, dövlətin, Vətənin maraqları hər şeydən üstün olmalıdır.
43 partiya sədrinin imzaladığı birgə bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyyə hazır olan müsəlləh əsgərik”.
Eyni zamanda, təəssüflə qeyd etmək lazımdır ki, biz bu gün həm işğalçılarla, həm də yerli xəyanətkarlara qarşı vurşuruq. Ordumuzun Tovuz istiqamətində düşmən hücumunun qarşısını alması, xalq tərəfindən yüksək coşğunluqla qarşılanmışdır. Əfsuslar olsun onların arasına xalq cəbhəsinin tör-töküntüləri girib, bu gözəl fərəhləndirici prosesə kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmışlar. Lakin heç bir xain qüvvələr, “beşinci kolon” xalq-iqtidar-ordu birliyini sarsıda bilməz. Bu mümkün olan deyil. Xalq möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının təmin edilməsinə, Qarabağın azad olunmasına əmindir.
YAP Səbail rayon təşkilatının sədri
professor Şəmsəddin Hacıyev