Newscenter.az.24.07.2020. Rusiya paytaxtı Moskvada “Tvoy Dom” (“Eviniz”) ticarət mərkəzləri şəbəkəsində erməni məhsulları yoxa çıxıb.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib.
“İri ixracatçılar bizə müraciət ediblər. Onlar Araz Ağalarova və qonşu ölkədən olan digər şəxslərə aid olan “Tvoy Dom” şəbəkəsindən Ermənistan istehsalı olan bütün malların çıxarıldığını söyləyib”, - o deyib.
Səfirin sözlərinə görə, söhbət konservləşdirilmiş məhsullardan, həmçinin mineral su və alkoqollu içkilərdən gedir:
“Özü də bütün piştaxtaları Azərbaycanda istehsalı olan mallarla doldurublar. Əlimizdə ticarət mərkəzinin menecerləri ilə Ermənistan şirkətləri və dilerlər arasında olan elektron yazışmalar var. Onlar rəhbərliyin belə qərar qəbul etdiklərini göstərir. Bu barədə müvafiq qurumlara məlumat vermişəm”.
“Tvoy Dom” hipermarketlər şəbəkəsinin məxsus olduğu “Crocus Group” şirkəti məsələyə şərh verməkdən imtina edib.
Xatırladaq ki, bundan əvvəl də Moskvanın ən böyük bazarı olan “Food City” də Ermənistan məhsullarını satmaqdan imtina etmişdi.