Newscenter.az.30.07.2020. Ölkədə koronavirus (COVID-19) infeksiyasına qarşı həyata keçirilən mübarizə tədbirləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının və sağlamlığının qorunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən paytaxt Bakı və respublikamızın digər bölgələrində fəaliyyət göstərən ictimai iaşə müəssisələrində mütəmadi olaraq monitorinqlər davam etdirilir.
AQTA-dan Newscenter.az-a verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xüsusi karantin rejiminə, eləcə də Agentliyin bu sahədə hazırladığı metodiki göstərişlərə əməl olunması ilə bağlı vəziyyət yerində öyrənilir, həmçinin mövcud qaydaların tələblərinə əməl etməyən sahibkarlıq subyektləri ilə bağlı inzibati tədbirlər həyata keçirilir.
Məlum olduğu kimi, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər. Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.
Xüsusilə qeyd etmək lazımdır ki, hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır. Qeyd edək ki, bugünədək 1366 ictimai iaşə müəssisəsinin qarşısında bu cür lövhələrin quraşdırılması təmin olunmuşdur.
İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.
AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini və istehlakçıları pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməyə, özünün və yaxınlarının sağlamlığını və təhlükəsizliyini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət etməyə çağırır.
Orxan