Newscenter.az.30.07.2020. Bir ananın iki oğlu olan Azərbaycan və Türkiyənin Naxçıvanda keçirilən möhtəşəm hərbi təlimləri Türkün hərbi qüdrətini bir daha dünyaya nümayiş etdirdi. “Ümid” körpüsü üzərində Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra iki qardaş ölkənin Dövlət Bayraqlarının dəyişmə mərasiminin keçirilməsi isə duyğusal təsir bağışlamaqla qardaşlıq simvoluna çevrildi. Hər bir uğur, qələbə “Ümid”lə başlayır. 1992-ci ilə qədər Ermənistanın blokadasında olan, ağır iqtisadi və sosial həyat yaşayan Naxçıvanın bu günkü gözoxşayan inkişafında “Ümid” körpüsünün mühüm rolu vardır. Türk dünyası üçün strateji əhəmiyyət kəsb edən, Şərqlə Qərbin qоvşağında, Böyük İpək Yоlunun üzərində yеrləşən Naxçıvan tarixboyu ermənilərin hədəfində olub. Ötən əsrin sonlarında ölkəmiz yenidən müstəqilliyini qazandığı bir vaxtda ermənilər məqsədli şəkildə Naxçıvanı blokadaya salıb, bu qədim Azərbaycan torpağını ələ keçirmək üçün yenidən məkrli planlar həyata keçirmək istəyirdilər. Belə bir çətin dövrdə Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi Muxtar Respublikanı işğaldan qorudu.
Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında 1992-ci ilin martında əsası qoyulan əlaqələrlə “Bir millət, iki dövlət” anlayışının reallığa çevrilməsi mərhələsi başlandı. Ulu öndər Heydər Əliyevin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində “Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu”nun imzalanması əsil qardaşlıq nümunəsi oldu. Qısa zamanda sürətlə Naxçıvanla Türkiyə arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanıldı. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan bu körpüsü istifadəyə verildi. Türkiyənin Baş naziri Süleyman Dəmirəlin və Heydər Əliyevin açılışını etdiyi körpü “Ümid” körpüsü kimi tarixə düşdü. Ulu öndərimiz sevinclə, fəxrlə deyirdi: “Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı”.
Bu körpünün təkcə hər iki ölkəni coğrafi cəhətdən birləşdirmədiyini önə çəkən Süleyman Dəmirəl “Ümüd körpüsü”nün əhəmiyyətinə yüksək qiymət verirdi: “Bu körpü təkcə Azərbaycanla Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında da körpüdür. Avropa və Asiya ölkələrinin qarşılıqlı, faydalı əlaqələrinə xidmət edə bilər”.
Ulu öndər Heydər Əliyev “Ümüd körpüsü”nün Türkiyə ilə Azərbaycan arasında iqtisadi, mədəni, insani əlaqələrin genişlənməsinə və inkişaf etməsinə, qardaş xalqların bir-birinə yaxınlaşmasına xidmət etdiyini nəzərə alaraq 9 iyun 1992-ci il tarixli qərarla Sədərək-Dilucu körpüsünü Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında rəsmi sərhəd keçid qapısı elan etdi.
Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin bugünkü səviyyəsi, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlərə qiymət veriləndə “Ümid” körpüsünün strateji əhəmiyyəti xüsusi vurğulanır. Bu körpü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıc nöqtəsidir. “Ümid” körpüsü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda, Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünüm keçirilməsi Naxçıvanın türk dünyası üçün strateji əhəmiyyətini artırdı.
“Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına səbəb olmaqdadır.
Ötən 28 ildə qardaş ölkənin yaxın vilayətləri ilə Muxtar Respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter alıb. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir.
Hər bir uğur, qələbə “Ümid”lə başlayır. 28 il bundan əvvəl olduğu kimi Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsündə iki qardaş ölkənin igid oğulları bir-birinə qovuşdu, könüldən-könülə körpü salaraq düşmənin köksünə od yağdırdı.
Azərbaycan və Türkiyənin hərbi təlimləri regionda Türk dövlətlərinin artan qüdrətinin bir nişanəsi olmaqla işğala, işğalçıya qarşı bir növ hazırlıq, sınaq əməliyyatlarının bir hissəsi anlamına gəlir. Bu təlimlər işğalçı Ermənistana və havadarlarına növbəti dəfə xəbardarlıq, iltimatumdur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi “Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir”.
Ermənistan neçə gündür ki, bu möhtəşəm hərbi təlimlərdən qorxuya düşərək Azərbaycan və Türkiyənin hərbi güc tətbiq edəcəyinə dair açıqlamalar verir, yalvarıcı fikirlər səsləndirir.
Başqasının torpağını işğal edən, ərazi iddiası irəli sürən təcavüzkar dövlət anlamalıdır ki, “Ümid”dən başlayan Naxçıvan Zəfəri Qarabağda bitəcək.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor