Newscenter.az.31.07.2020. Azərbaycan xalqının qəhrəmanlıq dastanı bu gün də davam edir. Torpaqlarımızı işğal edən Ermənistana qarşı hazırda da bütün cəbhə boyu mərd oğullarımız mənfur düşmənlə üz-üzə durub və qəhrəmancasına mübarizə aparırlar. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq.
Dağlıq Qarabağ münaqişəsinin həlli və ərazi bütövlüyümüzün bərpası Azərbaycan dövlətinin prioritet hədəfidir və bu hədəfə nail olmaqda Silahlı Qüvvələrimizin əhəmiyyətli rolu oynayır. Ali Baş Komandan İlham Əliyevin ordumuzun güclənməsi və möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğı öz uğurlu nəticələrini verir. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrimizin hərbi-texniki təchizat səviyyəsi, nizam-intizamı və döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün Silahlı Qüvvələrimizin dünya reytinqində 50-ci pillədə qərarlaşır. Təsadüfi deyildir ki, bu gün Azərbaycan cəmiyyətində Silahlı Qüvvələrimizə böyük inam var. Silahlı Qüvvələrimizin hər bir vətəndaşın qürur mənbəyidir.
Aprel döyüşləri tarixə ordumuzun gücünün, xalqla ordunun vəhdətini, vətənpərvərliyinin göstəricisi kimi düşdü və bir daha sübut edildi ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Mübariz İbrahimov kimi, Fərid Əhmədov kimi qəhrəman oğullarımızın yolunun davamçısı və torpaqlarımızı işğaldan azad edənlərin sırasında olmaq gənclərimizin ən böyük arzusudur: “Müharibədə döyüş də var, şəhidlik də var. Ancaq Vətənə görə döyüşmək, torpaqlarımız üçün döyüşmək, ölümdən qorxmadan döyüşmək lazımdır. General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, Mübariz İbrahimov, Fərid Əhmədov kimi oğullarımız şəhidliyi özləri seçmişdi. Vətən üçün seçmişdi, xidmətdə olan əsgərlərə, çağırışçılara vəsiyyət kimi seçmişdi. Onların şəhidliyi əsgərlərə, hətta bütün vətəndaşlara nümunədir.
Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər. Bunun ən son nümunəsini 12 iyulda Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın atəşkəs müqaviləsini pozaraq hücuma keçməsi zamanı gördük. Heç kəsə sirr deyil ki, Ordumuzun generalı döyüşlərdə əsgərlərimizin yanında idi, onlarla çiyin-çiyinə qarşı vuruşurdu. Ali Baş Komandan da Vətən uğrunda canlarını verən qəhrəmanlarımızı unutmur, onların, ailələrinin qayğısına qalır və onların qəhrəmanlığını yüksək qiymətləndirir. İyulun 15-də Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası Səmayə xanım və polkovnik İlqar Mirzəyevin oğlu Elvin ilə telefonla danışıb. Dövlətimizin başçısı şəhidlərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib, onlara Allahdan rəhmət və səbir diləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fondun nümayəndələri Sumqayıt şəhərində general-mayor Polad Həşimovun və Bakı şəhərində polkovnik İlqar Mirzəyevin ailələrini ziyarət ediblər.
Eləcə də, Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib. Ötən gün isə Prezident İlham Əliyev Qəbələdə küçələrdən birinə şəhid general Polad Həşimovun adının verilməsini tapşırdı. Bütün bunlar bir daha onu sübut edir ki, Azərbaycan güclü dövlətdir, onun güclü Ordusu var, xalq Ordusuna inanır və Ali Baş Komandanın daimi diqqət və qayğısı silahlı qüvvələrin əsgər və zabitlərinin üzərindədir.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı