Newscenter.az.6.08.2020. "Qəbələ rayonunda Həzi Aslanov küçəsinin adının dəyişdirilərək şəhid general Polad Həşimovun adına verilməsi barədə yayılan məlumatlar doğru deyil".
Bunu "Report"un sorğusuna cavab olaraq Qəbələ Rayon İcra Hakimiyyətindən bildiriblər.
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Qəbələ şəhərində şəhid general-mayor Polad Həşimov adının Həzi Aslanov küçəsinə verilməsi ilə bağlı əsassız məlumatlar yayılır. Qeyd edirik ki, Polad Həşimovun adı Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə verilib. Polad Həşimov küçəsi başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir. Həzi Aslanov küçəsinin adı isə dəyişdirilməyib. Bu küçənin başlanğıc nöqtəsi Heydər Əliyev prospekti ilə kəsişmədən başlayaraq son nöqtəsi 1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı həlak olmuş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılmış abidə kompleksinədək uzanır. Bir daha kütləvi informasiya vasitələrini, sosial media istifadəçilərini həqiqətə uyğun olmayan məlumatlar yaymamağa və ictimaiyyətdə çaşqınlıq yaratmaqdan yayınmağa çağırırıq", - İcra Hakimiyyətindən bildirilib.
Xatırladaq ki, Qəbələnin Vəndam kəndində anadan olan general-mayor Polad Həşimov iyulun 14-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatının qarşısını alan zaman qəhrəmancasına şəhid olub. O, Bakıda II Fəxri xiyabanda dəfn edilib.
Prezident İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda səfərdə olan zaman Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi barədə tapşırıq verib. Dövlət başçısı Qəbələnin küçələrindən birinə şəhid generalın adının verilməsini tapşırmışdı.