Newscenter.az.7.08.2020. Avqustun 7-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş onlayn iclası keçirilib.
Newscenter.az-a qurumdan bildirilib ki, kollegiya iclasını açan DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Ümummilli Liderin layiqli davamçısı Prezident cənab İlham Əliyevin qurduğu uğurlu strategiya nəticəsində ölkədə ictimai-siyasi sabitlik mövcuddur, milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr daha da inkişaf etdirilir. Hazırda dünyanın üzləşdiyi koronavirus pandemiyasının qarşısının alınması, onun doğurduğu sosial-iqtisadi problemlərin aradan qaldırılması istiqamətində Azərbaycan dövləti tərəfindən çevik və məqsədyönlü siyasət aparılır, virusa qarşı mübarizənin ilkin mərhələsindən başlayaraq qabaqlayıcı addımlar atılır, yoluxucu xəstəliklə bağlı vəziyyət nəzarət altında saxlanılır. Ötən gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə dövlət başçısının qeyd etdiyi kimi həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun sağlamlığı, maddi və mənəvi cəhətdən dəstəklənməsi dayanır. Pandemiyanın ölkəmizin iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı tədbirlər görüldüyü kimi, dövlətimiz dini sahəyə də diqqət və qayğısını əsirgəmir. Komitə sədri vurğulayıb ki, pandemiya dövründə dini qurumlara dövlət qayğısı və dəstəyi davam etdirilib, 2 iyun 2020-ci ildə Prezident cənab İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb. Həmçinin hər zaman olduğu kimi, pandemiya dövründə də dövlətimiz dini ibadət ocaqlarının, ziyarətgahların təmir və bərpa olunması istiqamətində fəaliyyətini dayandırmayıb. Prezident cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahının yenidən qurulması və Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olmaq üçün Şamaxıda olublar. Bütün bunlar dövlətimizin dinimizə və mənəvi dəyərlərimizə olan həssas münasibətinin göstəricisidir.
Komitə sədri vurğulayıb ki, bu həssas dönəmdə Dövlət Komitəsinin, tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun rəhbərliyi və əməkdaşları Prezident cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulub, Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq ianə ediblər.
Komitə tərəfindən həyata keçirilən yerli və beynəlxalq tədbirlərə toxunan Mübariz Qurbanlı qeyd edib ki, cari ilin müvafiq dövrü ərzində Dövlət Komitəsi tərəfindən ayrıca və digər qurumlarla birgə ümumilikdə 50-ə yaxın tədbir həyata keçirilib. Mart ayının ikinci yarısından hesabat dövrünün sonunadək olan müddətdə sosial izolyasiya ilə bağlı tələblərdən irəli gələrək vətəndaşlarla canlı ünsiyyət formatında keçirilməsi planlaşdırılmış dini maarifləndirmə xarakterli bir sıra tədbirlər onlayn formatda davam etdirilib. Azərbaycan İlahiyyat İnstitutu və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli”, Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfranslar baş tutub. Mübariz Qurbanlı diqqətə çatdırıb ki, mövcud şəraitin tələblərindən irəli gələrək pandemiyaya qarşı mübarizəyə dəstək məqsədilə Dövlət Komitəsinin Mərkəzi Aparatının və bölgə şöbələrinin əməkdaşları sosial şəbəkələr vasitəsilə maarifləndirmə işləri aparıb, Azərbaycan dövlətinin pandemiya ilə bağlı həyata keçirdiyi siyasəti təbliğ edilib. Dövlət Komitəsi tərəfindən müxtəlif dini konfessiyaların nümayəndələrinə, din xadimlərinə koronavirusa qarşı mübarizədə cəmiyyətdə həmrəylik nümayiş etdirmələri üçün internet resursları, sosial şəbəkələr, yaxud televiziyalara canlı yayım vasitəsilə qoşulmaqla maarifləndirmə işlərini aparmaları tövsiyə edilib. Bundan başqa, Dövlət Komitəsi səlahiyyətləri çərçivəsində ölkənin bütün bölgələrində karantin qaydalarının tələblərinə riayət olunması istiqamətində zəruri tədbirlər görüb və pozuntu halları aşkarlandığı anda dərhal qarşısı alınıb.
Çıxışı zamanı iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törədən erməni hərbi birləşmələrinin atəşkəsi kobud şəkildə pozmasını diqqətə çatdıran Komitə sədri yüksək şərəf və ləyaqətlə Vətənimiz uğrunda şəhid olan qəhrəman oğullarımızla bütün Azərbaycanın fəxr etdiyini qeyd edib. Azərbaycan ordusunun hərbi qüdrəti, qətiyyəti və cəsarəti sayəsində Ermənistanın məkrli və çirkli təxribatının qarşısı qətiyyətlə alındığını bildirən M.Qurbanlı ölkəmizin növbəti dəfə həm hərbi, həm də diplomatik cəhətdən uğurunu nümayiş etdirdiyini deyib. Hərbi vətənpərvərlik, Vətən sevgisi, şəhidlik məqamı ilə bağlı maarifləndirmə işinin daha da genişləndirilməsinin zəruriliyini vurğulayan DQİDK sədri ilin əvvəlindən Silahlı Qüvvələrin şəxsi heyətinin maarifləndirilməsi istiqamətində Müdafiə Nazirliyi ilə birgə keçirilən tədbirlərin hazırda davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə hesabat məruzəsi ilə çıxış edib. Qeyd edib ki, hesabat dövründə məlumat bankının yenilənməsi və məlumatların dəqiqləşdirilməsi prosesi və statistikaların müəyyənləşdirilməsi həyata keçirilib. Son hesablamalara görə, ölkə ərazisində 2253 (212-si Naxçıvan Muxtar Respublikasındadır) məscid mövcuddur, eləcə də 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bundan əlavə, Zaqatala və Balakən rayonlarında 127 hücrə vardır ki, onların 115-də Ramazan ayında və dəfn mərasimlərində ayin icra olunur. Ölkə ərazisində 23 xristian dua evi, 1 bəhai, 1 krişna ibadətgahı mövcuddur.
Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 942 dini qurum fəaliyyət göstərir. Onlardan 907-si İslam, 35-i qeyri-islam təmayüllü (24-ü xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru) dini qurumlardır.
Bildirilib ki, ötən müddətdə koronavirus pandemiyası ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ölkəmizdəki bütün dini konfessiyaların rəhbərlərinin iştirakı ilə toplantı keçirilib, dini icmalara və dindarlara karantinin tələblərinə əməl olunması, kütləvi şəkildə toplaşmamaları, dini ayinlərini evlərində yerinə yetirmələri ilə bağlı tövsiyələr və çağırışlar edilib. Daxil olan məlumatlara və monitorinqlərin nəticəsinə görə, karantin dövründə ölkədəki ibadətxanalarda kütləvi tədbirlərin keçirilməsi halları qeydə alınmayıb. Hazırda məscidlərdə azan verilir, bəzi müsəlman və xristian din xadimləri tərəfindən onlayn moizələr oxunur. Müsəlman icmaları Ramazan ayı, xristian icmaları Pasxa, yəhudi icmaları Pesaxla bağlı tədbirlərini sosial şəbəkələr vasitəsilə həyata keçiriblər. Müsəlman icmalarla yanaşı, qeyri-müsəlman icmalar da xüsusilə pandemiya dövründə qaydalara əməl etməklə, cəmiyyətimizin maariflənməsində fəal iştirak edir, koronavirusla mübarizədə həmrəylik nümayiş etdirirlər.
Hesabat dövründə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verən şöbə müdiri vurğulayıb ki, 2020-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1732 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 21 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 73 adda dini ədəbiyyata baxılaraq, onlardan 1-nin çapı məqsədəuyğun sayılmayıb. Həmçinin 176 adda (253 321 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq mühafizə orqanları tərəfindən Dövlət Komitəsinə göndərilmiş 115 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallardan 26-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib. Eyni zamanda ötən dövr ərzində 3 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.
Hesabat dövründə Dövlət Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq etməklə ikinci dəfə “Könüllü fəaliyyət” layihəsinin, o cümlədən “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nına əsasən, Dövlət Komitəsi yanında İctimai Şuranın yenidən formalaşdırılması prosesinin icrasına başlayıb.
Sonra çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov hesabat dövründə görülən işlər barədə məlumat verərək qeyd edib ki, pandemiya ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər çərçivəsində ölkə üzrə tədris və təlim-tərbiyə prosesi mart ayından etibarən dayandırılıb. Mart ayının əvvəlinə kimi tədris ənənəvi üsulla, mart ayının sonlarından etibarən təlim-tərbiyyə prosesi onlayn şəkildə davam etdirilib. Yaz semestrinin yay imtahan sessiyası yeni qaydalara uyğun olaraq onlayn formada, əsasən şifahi şəkildə keçirilib. Avqust ayının əvvəlindən 2019-2020-ci tədris ilinin ikinci semestrində dərslərdə iştirak edə bilməyən tələbələr üçün “Microsoft Teams” platforması vasitəsilə onlayn dərslər başlayıb. A.Şirinov həmçinin İnstitutda ilk dəfə olaraq doktoranturaya qəbul imtahanının keçirildiyini və Dinşünaslıq və Dinin tarixi və fəlsəfəsi proqramları üzrə 2 nəfər doktorantın qəbul olunduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu məzunlarının diplomları Türkiyə Respublikası Ali Təhsil Şurası (Yüksək Öyrətim Kurulu - YÖK) tərəfindən tanınmış və bu da öz növbəsində, tələbələrə Türkiyədə magistratura və doktorantura pillələri üzrə təhsil alma imkanını yaradır.
Həmçinin hesabat dövrü ərzində tədris prosesinin tələbinə əsasən dərslik və fənn proqramlarının hazırlığı sahəsində işlər davam etdirilib. Belə ki, 1 dərslik, 1 kitab (həmmüəllif) çap olunub, 1-i çapda, 10-u nəşrə hazır, 7-si üzərində iş gedir. Həmçinin, Türkiyənin İstanbul şəhərində təqdimatı keçirilmiş, Xocalıda qətlə yetirilmiş 63 uşaqdan bəhs edən, 4 dildə nəşr olunan “Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyə türkçəsinə transliterasiyası İnstitutun İslamşünaslıq kafedrasının müdiri tərəfindən həyata keçirilib.
Daha sonra Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun 2020-ci ilin yanvar-iyun ayları ərzində fəaliyyətinə dair hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov çıxış edib. O bildirib ki, hesabat dövrü ərzində 984 nəfər din xadiminə Fond tərəfindən aylıq maddi dəstək göstərilib. Maddi dəstək göstərilən din xadimlərindən 212 nəfəri Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir. Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə Fonda ayrılmış 100 min manat vəsaitin 22 qeyri-islam dini icmaların hesabına köçürülməsi prosesi yekunlaşmaq üzrədir. Ölkəmizdə koronavirus (Covid 19) infeksiyasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimində Fond tərəfindən aprel ayında 161 şəhid ailəsi və aztəminatlı ailələrə ərzaq yardımı təşkil edilib. Həmçinin iki Qarabağ qazisinə hər birinə 1000 manat olmaqla maddi yardım göstərilib. Bununla yanaşı, infeksiya ilə birbaşa mübarizə aparan 60-dan çox tibb işçisinə Fondun hədiyyələri təqdim edilib. Fondun əməkdaşları və maddi dəstək göstərdiyi din xadimləri tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə 40784 (qırx min yeddi yüz səksən dörd manat) vəsait köçürülüb. Ramazan bayramı münasibətilə may ayında ölkə üzrə ümumilikdə 166 şəhid ailəsinin üzvləri və müharibə əlillərinə bayram sovqatı (ərzaq) paylanılıb, Qurban bayramı münasibətilə Fond tərəfindən 16 şəhər və rayonda 32 böyük baş heyvan kəsilərək 2000-ə yaxın şəhid və aztəminatlı ailələrə verilib. M. İsmayılov həmçinin qeyd edib ki, Qurban bayramı ərəfəsində ölkəmizdə məzhəblərarası qardaşlığın möhkəmlənməsi, dini tolerantlığın qorunub saxlanılmasında fəal rol oynayan 10 din xadimi Fond tərəfindən mükafatlandırılıb. Hesabat dövründə Fondun dəstəyi ilə həyata keçirilən “Qarabağ üçün oxu 3” layihəsinin də təqdimatı keçirilib. İyul ayının əvvəlində gənclər arasında tarixi abidələrimizin təbliğı məqsədilə "Tarixin şahidləri" müsabiqəsinə start verilib. İlin ikinci yarısında da pandemiya səbəbilə Fond maarifləndirmə sahəsində görəcəyi işləri daha çox audio, video, çap və internet vasitəsilə həyata keçirəcəkdir. Önümüzdəki aylarda tariximiz, ənənələrimiz, dəyərlərimiz, vətənpərvərlik və s. mövzularla əlaqəli video-çarxların hazırlanması və yayılması nəzərdə tutulub. Həmçinin bu mövzularla bağlı müxtəlif kitab və kitabçaların nəşri də əsas fəaliyyət istiqamətlərindən biri olacaq.
Sumqayıt bölgəsi üzrə şöbənin müdiri Yalçın Abdullayev, Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayev, Lənkəran bölgəsi üzrə şöbənin müdiri Qağayı Məmmədov bölgələr üzrə mövcud dini durum haqqında məlumat verərək Dövlət Komitəsinin bölgə şöbələri tərəfindən dini icma üzvləri və din xadimlərinin iştirakı ilə onlayn formatda keçirilən tədbirlər, maarifləndirmə işləri barədə danışıblar. Bildirilib ki, tədbirlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq Azərbaycanda bütün dini ibadətgahlarda dini ayinlərin icrasının dayandırılması və yas mərasimlərinə qoyulan qadağalar barədə dini maarifləndirmə işlərinin aparılmasından bəhs edilib, QMİ-nin tapşırıq və tövsiyələrinə əməl edilməsinin vacibliyi vurğulanıb.
Sonda Dövlət Komitəsinin 2020-ci ilin ikinci yarısı üçün fəaliyyət planı, gələcək hədəflər, problem və perspektivlər geniş müzakirə edilib, kollegiyanın gündəliyində olan məsələlər və İş Planı ilə bağlı qərarlar qəbul edilib.
Mehman