Newscenter.az.8.08.2020. 1917-ci ildə Britaniyanın İraqdakı işğalçı qoşunlarının komandanı olan general Stenli Mud, İraq ərazisində ordusu ilə hərəkət edərkən böyük bir qoyun sürüsü olan çobanla rastlaşır. General Mud həmin çobana, o dövr üçün bir neçə qoyunun qiyməti dəyərində olan 1 ingilis funtu təklif edir ki, o sürüsünü qoruyan itlərindən birini öldürsün. Çoban isə, 1 funta görə qoyunlarından birini öldürmək təklif etsə də, general buna razılaşmır. Bunu görən çoban, 1 funtu əldə etmək üçün, onun qoyunlarını və hətta özünü də göz bəbəkləri kimi qoruyan sədaqətli və xüsusi cinsdən olan itlərindən birini boğub öldürür.
Bundan sonra itin dərisini soyması müqabilində ingilis general ona 1 funt da təklif edir və bunu da çoban dərhal yerinə yetirir.
Növbəti 1 funtun müqabilində general çobandan itinin cəmdəyini doğramasını istəyir və bu istək də yerinə yetirilir.
Bütün bunları müşahidə edən Britaniyalı general, sonra üzünü çevirib getmək istəyəndə, çoban ona əgər bir funt da verərsə itin doğranmış cəmdəyini yeyəcəyini bildirir.
Bunu eşidən general istehza ilə gülüb deyir: "mən sadəcə sənin təbiətini öyrənmək istəyirdim. Gördüyüm o oldu ki, sən istəklərivin müti qulusan. Sadəcə 3 funt müqabilində özünə ən yaxın və sədaqətli dostlarından birini boğdun, dərisini amansızcasına soydun və tikə-tikə doğradın. Bu yetməzmiş kimi, onun ətini də yemək üçün məndən əlavə 1 funt da istəyirsən. Mənim bilmək istədiklərim elə bu idi"
Sonra general Stenli Mud uca səslə öz əsgərlərinə dedi : "nə qədər ki, bu torpaqlarda belə insanlar var, bizə heç bir təhlükə və qorxu yoxdur. Pul müqabilində istədiyimizə nail ola bilərik"
("İraqın müasir tarixinin sosial aspektləri" Əli Vardi, 1990-cı il)
Bu yazını yazmaqla, hazırda ölkədə və ya xaricdə, müxalifətdə və ya iqtidarda olmasından və digər amillərdən asılı olmayaraq özlərinin ambisiyalarının, cılız maraqlarının və şəxsi istəklərinin qulu olaraq dövlətimizə və dövlətçiliyimizə xəyanət edənlərə demək istərdim ki, onlar da, general Mudun xələflərindən eyni sözləri bir gün mütləq eşidəcəklər! İyrənc qrantlar müqabilində demokratiya uğrunda hakimiyyətə qarşı mücadilə apardıqlarını iddia edib, əslində dövlətimizə və dövlətçiliyimizə qarşı mübarizə yarışına girənlərin əməlləri insanlıq tarixində ən ağır cinayət hesab olunmalıdır. Düşünürəm ki, hər bir insan dövlətinə və xalqına münasibətdə, bu ibrətamiz hekayədən özü üçün az da olsa, müəyyən nəticə çıxarmalıdır.
Xəyal Bəşirov-siyasi ekspert