Newscenter.az.24.08.2020. Azərbaycanda əhalinin sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir çox məhdudiyyətləri nəzərdə tutan xüsusi karantin rejimi tətbiq olunub. Nazirlər Kabineti yanında Operativ Qərargah da yoluxma və sağalma hallarında müsbət dinamikanı nəzərə alaraq, avqustun 10-dan yumşaldıcı tətbirlərin tətbiq edilməsi barədə qərar qəbul edib. Lakin koronavirusla mübarizəyə ciddi təhdid yaratdığına görə, kütləvi tədbirlərin, o cümlədən yas və toy mərasimlərinin keçirilməsinə qadağa qüvvədə saxlanılıb. Bu səbəbdən də bu günə kimi daxili işlər orqanları xüsusi karantin rejiminin tələblərini pozaraq əyləncə təşkil edən, toy, yas və s. mərasimləri keçirən çoxlu sayda şəxsi məsuliyyətə cəlb edib.
Bu günlərdə bəzi vəzifəli şəxlərin, məmurların müxtəlif toy mərasimləri təşkil etməsinə dair məlumatlar cəmiyyətin ciddi hiddətinə səbəb olub və qınağına məruz qalıb. Heç kəs unutmamalıdır ki, kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir və karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər, götürürlər də. Məlum olduğu kimi, ötən gün hüquq mühafizə orqanları, məhkəmələr, aidiyyatı qurumlar tərəfindən toy mərasimi təşkil edən AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev, qudası Rövşən Mustafayev məhkəmə qaydasında cəzaya məhkum ediliblər, bir çoxları isə cərimə olunublar.
Bu hadisə bir daha onu göstərdi ki, ölkədə qanunun aliliyinin qarantı Prezident İlham Əliyevdir, məhz, hər kəsin qanun qarşısında məsuliyyəti və cavabdehliyi ali iradənin tələbidir. Heç bir vəzifəli şəxs öz statusundan istifadə edərək qanunları poza və qanunun tələblərinə hörmətsiz yanaşa bilməz. Belə şəxslər də müəyyən olunduqda mütləq şəkildə məsuliyyətə cəlb edilirlər, onların barəsində cəza tədbirləri görülür və qarşdan gələn dövrdə bu tədbirlər daha da sərtləşdiriləcək. Bu səbəbdən də hər bir şəxs mövcud reallığı, qanunların aliliyini, Azərbaycan Prezidentinin mövqeyini və ali iradəsini bilməli və başa düşməlidir ki, qanun pozuntusuna görə mütləq şəkildə cavab verməli olacaq. Çünki, koronavirusla mübarizə ümummilli məsələdir, heç kim şəxsi mənafeyi naminə, tutduğu mövqeyə, vəzifəsinə görə insanların həyatını təhlükəyə ata və onların sağlamlığına zərər gətirə bilməz. Bu reallığı hamı, həmçinin ölkədə yüksək və məsul vəzifə daşıyanlar şəxslər də bilməli və başa düşməlidirlər ki, baş verənlərə görə mənəvi məsuliyyət daşıyırlar.
Hər bir ailəyə övlad toyu, gözəl günlər qismət olsun, lakin indiki şəraitdə qaydalara və qanunlara riayət etmək çox zəruridir. Bir halda ki, pandemiya dövründə toyların keçirilməsinin qadağan olunması haqqında qərar verilib, o zaman hamımız buna əməl etməliyik. Biz həmrəylik və məsuliyyət nümayiş etdirməliyik. Əlbəttə ki, qanunlara hörmət etməyən onsuz da cəzasını alır. Bəs, şəhidlərimiz necə, yadlarından çıxıbmı? Axı, onların şəhid olmasından 40 gün keçməmişdi. Birinci toy keçirmək pandemiyadan irəli gələrək qanunla qadağan olunubsa, digər tərəfdən bu mənəvi məsələyə çevrilib.
Sədaqət Vəliyeva-Milli Məclisin deputatı