Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəyal Bəşirov: "Yeni Qarabağ müharibəsi əslində bizim haqqımızdır"



Newscenter.az.7.09.2020. “Azərbaycanın daxilində və ölkəmizlə bağlı regionda çox ciddi və təhlükəli bir proses baş verməkdədir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə siyasi ekspert Xəyal Bəşirov çıxış edib. O, bildirib ki, zaman zaman buna oxşar halların baş verməsi ilə bağlı qığılcımlar olsa da, proses heç vaxt bu qədər ciddi irəliləyiş əldə etməyib:

“Nədən ibarətdir bu təhlükəli vəziyyət?. Deməli, ölkəmizin daxilində həbslər seriyası davam etməkdədir və uzun illər ərzində dövlətimizə və dövlətçiliyimizə qarşı gizli şəkildə fəaliyyət göstərən bir böyük şəbəkə ifşa olunmaq üzrədir. Kələfin ucunun həmin şəbəkənin və ya beşinci kolonun ən üst təbəqəsinə çatmasına çox az qalıb. Ancaq digər tərəfdən biz nəyin şahidi oluruq? Daim lüzumsuz sülh danışıqlarını uzatmaqda maraqlı olan, hər vəchlə müharibədən qaçan və beynəlxalq aləmdə əsaslı ya da əsassız, Azərbaycanı müharibə tərəfdarı olmaqda ittiham edən Ermənistan hansısa prosesə mane olmaq üçün sanki müharibəyə tələsir. Digər təəccüblü məqam isə odur ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkəmizi həmişə müharibədən yayındırmaqda və regionda sülhün pozulmamasında maraqlı olduğunu iddia edən Rusiya da həm bizi, həm də xüsusilə forpostu olan Ermənistanı bütün imkanlarından istifadə edərək müharibəyə sövq etməkdədir. Qısası, işğalçı Ermənistan və onun əsas himayədarı Azərbaycanda paralel dövlətin əsas nümayəndələrinin ifşa olunması ilə bağlı gedən çox ciddi prosesə mane olmaq və ya ən azından bu prosesi mümkün qədər uzatmaq üçün, heç zaman maraqlı olmadıqları yeni Qarabağ müharibəsini başlatmaqda qərarlıdırlar”.

Xəyal Bəşirov deyib ki, hər bir halda işğala və soyqırımına məruz qalan biz olduğumuz üçün, yeni Qarabağ müharibəsi əslində bizim haqqımızdır:

“Əgər 25 ildən artıq danışıq bir fayda verməyibsə, bundan sonra da verməyəcək! Uca Tanrı Azərbaycanı qorusun, həm işğalçılarla hər an başlana biləcək yeni müharibədən, həm də, onlardan heç də az təhlükəli olmayan içimizdəki düşmənlərdən”.

Anar
Xəbəri paylaş