Newscenter.az.8.09.2020. “AzerGold” QSC tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır.
Newscenter.az-a şirkətdən bildirilib ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək.
Sevinc