Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev BMT-dəki çıxışı ilə ölkəmizin və xalqımızın milli maraqlarını qətiyyətlə qorudu



Newscenter.az.23.09.2020. Cənab Prezident İlham Əliyevin BMT-dəki çıxışı Azərbaycanın dünya miqyasında nüfuzunun, ölkəmizə olan hörmətin, inam və etimadın təzahürüdür. Eyni zamanda, dövlətimizin başçısı BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında bir daha ölkəmizin və xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə qorudu.

Prezident İlham Əliyevin BMT-dəki çıxışı regional və qlobal miqyasda xüsusi diqqət çəkən bir sıra məqamlarla yadda qaldı. Birincisi, cənab Prezident İlham Əliyev rasional çıxışı, praqmatik tezisləri ilə Ermənistan rəhbərliyini ifşa etdi, düşmən ölkənin baş nazirinin sözlərinin sərsəmləmələrdən, böhtandan və şərdən ibarət olduğunu isbatladı. İkincisi, dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ölkəmizin qətiyyətli mövqeyini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Üçüncüsü, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması üçün ölkəmizin həm siyasi-iqtisadi, həm də hərbi qüdrətinin olduqca böyük olduğunu isbatladı. Dördüncüsü, Prezident İlham Əliyev Ali Baş Komandan kimi həm Ermənistana, həm də onun havadarlarına mesaj verdi ki, Azərbaycan bundan sonra da qətiyyətli mövqeyindən geri çəkilməyəcək, beynəlxalq hüququn verdiyi bütün imkanlardan istifadə edərək dövlətimizi, xalqımızı qoruyacaq, ərazi bütövlüyümüzü təmin edəcək. Beşincisi, Prezident İlham Əliyev müasir, demokratik, inkişaf edən, tərəqqisi ilə dünya ölkələrinə nümunə olan Azərbaycanın yeni formada təqdimatını reallaşdırdı, ölkəmizin yeni uğurlarını, nailiyyətlərini, COVİD-19 ilə mübarizəsini, tolerantlıq və multikulturalizm sahəsindəki fəaliyyətini dünya ictimaiyyətinin diqqətinə təqdim etdi.

Prezident İlham Əliyevin BMT-dəki çıxışı fonunda orada təmsil olunan bütün dövlətlərin nümayəndələri bir daha müasir Azərbaycan dövlətinin gücü, qüdrəti və nailiyyətləri ilə tanış oldular. Prezident İlham Əliyevin ölkəsinin və xalqının milli maraqlarını müdafiə edən qətiyyətli dövlət başçısı olduğunu, onun Azərbaycanda alternativsiz lider olaraq qəbul edildiyini isbatladı.

Sədaqət Vəliyeva-Milli Məclisin deputatı
Xəbəri paylaş