Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müasir turizm infrastrukturuna gedən yeni avtomobil yolu inşa edilir



Newscenter.az.2.04.2021
. Dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mütəmadi olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Respublika yollarının inşası və yenidən qurulması layihələrinin icrası vətəndaşların sosial rifah halına müsbət təsir göstərən sənaye və turizmin inkişafına hesablanır.
Təbiətin ölkəmizə bəxş etdiyi imkan və gözəlliklər sonsuzdur. Azərbaycan palçıq vulkanlarının geniş yayıdığı unikal region hesab edilir. Palçıq vulkanları müalicəvi və ekoturizmin inkişafı üçün əvəzsiz obyektlər sayılır.

Prezident İlham Əliyev Azərbaycanın palçıq vulkanlarının sayına görə dünyada birinci yerdə olduğunu qeyd edərək, bundan turizm sahəsində istifadə olunmasının vacibliyini vurğulamışdır.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyası hazırlanıb ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də artıq bu layihənin icrasında üzərinə düşən vəzifəsini yerinə yetirməyə başlayıb.

Belə ki, Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur. Layihə çərçivəsində 3-cü texniki dərəcəyə uyğun inşa edilən, ümumi uzunluğu 21 kilometr olan yeni yolun torpaq yatağının eni 12 metr, asfalt-beton örtüyünün eni isə 8 metr təşkil edəcək.

Görülən işlər çərçivəsində artıq yolun 15 km-lik hissəsində torpaq yatağı və yol əsası inşa edilərək, asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilib.

Başlanğıcını Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avromobil yolunun Qobustan qəsəbəsi ərazisindən götürən yeni yolun digər hissəsində isə hazırda torpaq yatağı və yol əsasının inşası işləri davam etdirilir.

Qeyd edək ki, paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədi ilə çəkilən bu yol, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Anar
Xəbəri paylaş