Newscenter.az.2.04.2021. “Bu il Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Hazırda ölkə vətəndaşları arasında da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi aparılır. Hər kəsi maraqlandıran bir sual var ki, peyvənd vurdurmaq orucu poza bilərmi? Qeyd edim ki, peyvənd istifadəsi orucu pozmur”.
Bunu “Report”a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli bildirib.
QMİ nümayəndəsi qeyd edib ki, orucu yalnız qidanı əvəz edən iynələr poza bilər:
“Əgər hər hansı iynə qidanı əvəz etmirsə, bu, orucun pozulmasına səbəb olmur. Özüm də ötən gün COVID-19 əleyhinə vaksinin ikinci dozasını vurdurdum. Səhhətimdə heç bir problem müşahidə olunmadı və mənfi təsir olmadı. Onu da vurğulayım ki, vaksinin birinci dozasını vurduranda təsadüfən oruc idim. Ramazan ayında da vaksindən istifadə oruca təsir etmir və hər hansı mənfi tərəfi yoxdur”.
Qeyd edək ki, Ramazan ayının ilk günü aprelin 14-dür. Mayın 13-14-ü ölkədə Ramazan bayramıdır.