Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbinə Xasayeva yazır: 2 aprelin sızıltılarını 25 noyabr qüruru unutduracaq



Newscenter.az.2.04.2021
. 1993-cü ilin əvvəllərində Azərbaycanda daxili vəziyyət son dərəcədə kəskinləşmişdi. Dövlət idarəçiliyində yol verilən nöqsanlar, səriştəsizlik, ambisiyalar həm Ermənistanın Azərbaycandan ərazi iddiasına qarşı aparılan xarici siyasəti məhdudlaşdırırdı, həm də mərhələlərlə dövlət çevrilişinə yaxınlaşdırırdı. Orduda mövcud özbaşınalıq, vahid komandanlığın olmaması, ordu rəhbərliyində də, yerli özünümüdafiə batalyonlarında da bu və ya digər səbəblərdən rəhbərliyə gətirilmələr dövlətçilik üçün real təhlükə yaratmışdı. AXC–Müsavat hakimiyyəti bu problemləri həll etmək iqtidarında deyildi.

Regionda hərbi vəziyyət gərginləşmişdi. Dövlətin hərbi köməyi olmadığına görə kəlbəcərlilər, Kəlbəcərin yerli müdafiə batalyonu həmin vaxtlarda imperiyanın hərbi yardımından kifayət qədər bəhrələnən Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını ala bilmək gücündə deyildi. Düşmən hələ 1992-ci ilin aprel ayının 8-də rayonun Ağdaban kəndində böyük faciə törətmişdi – 39 nəfər kənd sakinini öldürmüşdü, 5 nəfəri girov götürmüşdü, 100-dən artıq evi yandırmışdı. Düşmən Azərbaycan dövlətinin daxili siyasətdə üzləşdiyi kəskin qarşıdurmalardan, dövlətin əraziyə mümkün yardımlar etməməsindən (bəlkə də etmək istəməməsindən) istifadə edərək mart ayının 27-dən Kəlbəcərə geniş miqyaslı hücuma başladı. 1993-cü il aprelin 2-də Kəlbəcər rayonu Ermənistan ordusu tərəfindən işğal edildi. 511 nəfər kəlbəcərli şəhid oldu, 231 nəfər itkin düşdü. 172 mədəniyyət obyekti, 1 muzey və s. dağıdıldı. İşğal zamanı və işğaldan sonra meşələrin sistemli şəkildə, məqsədyönlülüklə yandırılması rayona qarşı ekoloji terror idi, bu işğal mahiyyəti etibatrilə Xocalı faciəsinin davamı oldu.

Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822 saylı Qətnamədə qeyd edilirdi ki, bütün işğalçı qüvvələr Kəlbəcərdən, eləcə də Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılmalıdır. Havadarlarına arxalanan Ermənistan beynəlxalq təşkilatın bu qətnaməsini də yerinə yetirmədi.

2020-ci ilin noyabrın 25-də xalqa müraciətində Azərbaycan Respublkasının Prezidenti Cənab İlham Əliyev dedi: “Azərbaycan xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı. Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi”.

Kəlbəcər 1993-cü ilin aprelin 2-də işğal edilmişdi. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində digər rayonlarımız kimi Kəlbəcər də işğaldan azad edildi.

2 aprel tarixinin yaralarının ağrı-acılarını 25 noyabr tarixi unutduracaq. Bu, Azərbaycan ordusunun qüdrətidir. İşğaldan azad edilmiş digər rayonlarımız kimi Kəlbəcər də yenidən dikələcək, məcburi köçkünlər kəndlərinə qayıdacaqlar. Ermənilərin söndürdüyü ocaqları yenidən alışacaq. Kəlbəcərlilər, ümumiyyətlə Azərbaycanı sevənlər Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ona ikinci yaşam verəcəkdir.

Səbinə Xasayeva-Milli Məclisin deputatı
Xəbəri paylaş