Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aprel döyüşləri ilə bizi 44 günlük müharibədəki böyük Zəfərə aparan prosesin önü açıldı



Newscenter.az.3.04.2021. Bu gün hərb tariximizin ən parlaq səhifələrindən biri olan Aprel döyüşlərindən 5 il ötür. Dərsliklərə və leksikonumuza "Aprel döyüşləri" kimi daxil olan bu qəhrəmanlıq savaşı biz azərbaycanlıların tarixində və taleyində tamamilə yeni səhifə açdı. Elə ona görədir ki, bu gün hər bir azərbaycanlımız istər Aprel döyüşləri, istərsə də Aprel şəhidləri haqda xüsusi qürur hissilə danışır. Çünki bu döyüşlərdəki qətiyyətli qələbəmiz 5 il sonra gerçəkləşəcək 44 günlük müharibədəki böyük Zəfərimizin təməlini qoydu, zəmin hazırladı. Bu mənada Aprel döyüşlərini İkinci Qarabağ savaşındakı qələbəmizin baş məşqi də adlandıra bilərik.

İllərlə mükəmməl hazırlıq keçmiş və böyük Qələbəyə köklənmiş Azərbaycan Ordusu Aprel döyüşlərində işğalçı Ermənistana və onun havadarlarına əsl döyüş performansı və əzmkarlığını göstərdi. Və həmin vaxt düşmən bunu etiraf etməsə də, lakin hər bir erməni başa düşdü ki, azərbaycanlılar Qarabağın itirilməsi ilə, işğal altında qalmasıyla heç vaxt barışmayacaqlar. Elə bununla da ermənilərin "məğlubedilməzlik" mifi darmadağın oldu, azərbaycanlıların isə məğlubluq sindromu aradan qaldırıldı. Beləliklə də, bizi 44 günlük müharibədəki böyük Zəfərə aparan prosesin önü açıldı və sonunda, 2020-ci ilin 10 noyabr tarixində möhtəşəm qalibiyyətə imza atdıq. Biz Aprel döyüşlərində şəhid olmuş hər bir hərbçimizin ruhu qarşısında baş əyir və Lələtəpənin azad edilməsində rol oynamış, can qoymuş hər bir qazimizə şükranlarımızı bildiririk.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş