Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Allergik qidaların orqanizmə hansı təsiri var?



Newscenter.az.4.05.2021. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Qida təhlükəsizliyi şöbəsinin mütəxəssisi Aynur Həsənova "Allergik qidaların orqanizmə təsiri" adlı məqalə hazırlayıb.

Newscenter.az həmin məqaləni təqdim edir:

"Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər. Lakin orqanizmdən asılı olaraq, bəzi allergiyalar mövsümi xarakter daşıdığına görə əsasən də yaz və payız aylarında özünü daha qabarıq büruzə verir. Allergiyaya mövsümi qidalar da təsir edir.

Qida allergiyası zamanla artan xəstəlik kimi təsvir edilir. Hesab edilir ki, əhalinin 2.5 %-i qida allergiyasına məruz qalır, rast gəlmə tezliyi isə olduqca genişdir: 1 %-dən 10 %-ə qədər.

Qida allergiyası – tərkibində allergenlərin olduğu qida məhsullarının istehlakı zamanı immun sistemin spesifik reaksiyası nəticəsində yaranan sağlamlıq üçün zərərli effektdir. Allergik reaksiya immun sistemi adətən zərərsiz olan qida zülallarına hücum etdiyi üçün meydana gəlir. Qida məhsullarının səbəb olduğu anafilaksiya ciddi allergik reaksiya olub, birdən-birə meydana gəlir və ölümə belə səbəb ola bilir. Allergik reaksiyalar adətən qidanın istehlakından 2 dəqiqə sonra başlayır və 2 saatadək müddətə meydana çıxır. Allergiya dəridə qızartı və səpgilər, ağızda qıcolma və ya qaşınma hissi, üz, dil, dodaqda şişkinlik, qusma və diareya, qarında spazmalar, öskürək, başgicəllənmə, nəfəsalmada çətinlik, huşun itirilməsi kimi əlamətlərlə özünü büruzə verir.

Qeyd edək ki, qida allergiyası – immunoqlobulin E antitelinin səbəb olduğu orqanizmin anomal reaksiyasıdır. Belə allergik reaksiyalara səbəb olan 170 növ qida məhsulu mövcuddur. Əsasən süd, yumurta, yerfındığı, qoz, buğda, soya, balıq və digər məhsullardan allergik reaksiyalar baş verir. Qida allergiyası adətən 2 yaşdan etibarən özünü büruzə verir.

İnək südünə qarşı allergiya 2 yaşlı uşaqlar arasında daha geniş müşahidə edilir (2,5 %). İnək südünə qarşı allergiya zamanı allergik rinit, astma və atopik dermatitin başlanğıc mərhələsindən tutmuş ağır dərəcəsinə qədər hallar baş verir. İnək südünə qarşı allergiyası olan şəxslərdə südün istehlakından 5-30 dəqiqə sonra allergik reaksiya yaranır. Bu zaman ödem, səpgilər, qusma və nadir hallarda anafilaksiya, həmçinin bağırsaqda funksiyaların pozulması, diareya, qusma, həmçinin bağırsaq divarının iltihabı ilə təzahür edir. İnək südünə qarşı allergiyadan əziyyət çəkən insanlar üçün süd və süd məhsullarının (quru süd, pendir, kərə yağı, marqarin, yoğurt, dondurma) istehlakı yolverilməzdir.

Allergiyaya səbəb olan qida məhsullarından biri də yumurtadır. İnək südündə olduğu kimi yumurtaya qarşı (toyuq yumurtası) allergiya zamanı da uşaqlıq və yeniyetməlik dövründə orqanizmdə dözümlülük yaranır. Yumurtaya qarşı allergiya mütəmadi şəkildə aeroallergenlərə qarşı həssaslığa gətirib çıxarır ki, bu da sonralar astmanın inkişafına səbəb olur. Bu tip allergiyadan erkən yaşda uşaqların 1-2 %-i əziyyət çəkir. Allergik reaksiya adətən həzm sistemi pozuntuları, məsələn qarın nahiyəsində ağrılar, dəridə səpgilər, respirator problemlər, nadir hallarda anafilaksiya kimi əlamətlərlə özünü büruzə verir. Reaksiya yumurta zülalına qarşı və ya əksinə sarısına qarşı ola bilər. Lakin allergiyaya səbəb olan zülalların əksəriyyəti yumurta ağında olur.

Müxtəlif çərəzlər - qoz, fındıq, badam, fıstıq və digərləri də güclü allergik qidalar hesab edilir. Bu qidalara qarşı allergiyası olan şəxslər həm də onlardan hazırlanan məhsullardan imtina etməlidirlər. Bəzi allergik qidalardan fərqli olaraq, çərəzlərə qarşı allergiya ömür boyu qalır. Çərəzlərə qarşı allergiya ciddi fəsadlara səbəb ola bilir, hətta anafilaksiya halları 50 % təşkil edir. Yerfındığı isə ciddi və potensial ölümcül reaksiyalara səbəb ola biləcək allergik qidalara aiddir. Yerfındığına qarşı allergiyadan uşaqların 4-8 %-i, yetkin insanların isə 1-2 %-i əziyyət çəkir.

Dəniz məhsulları da geniş yayılmış qida allergenlərindən biridir. Dəniz məhsullarına qarşı allergik reaksiyalara səbəb əsasən trigger tropomiozin zülalı hesab edilir. İmmun cavaba səbəb ola bilən digər zülallara isə arginin kinaza və miozinin yüngül zənciri aiddir. Bəzi hallarda bu tip allergiyanı dəniz məhsullarının çirkləndiriciləri olan bakteriya, virus və ya parazitlərin yaratdığı yan təsirlərdən fərqləndirmək çətin olur. Qeyd edək ki, hər iki halda da həzm sistemində pozuntular, qusma, diareya, qarın nahiyəsində ağrılar müşahidə olunur. Dəniz məhsullarına qarşı allergiya qısa zamanda keçib getmir, ona görə də bu allergiyadan əziyyət çəkən insanlara belə məhsulları qida rasionundan kənarlaşdırması tövsiyə olunur.

Buğdaya qarşı allergiya məhsulda aşkar olunan bir növ zülala qarşı allergik reaksiyadır. Buğdaya qarşı allergik reaksiya da həzm prosesində pozuntulara, qusma, səpgilər, ödem, daha ağır hallarda isə anafilaksiyaya səbəb ola bilir. Qeyd edək ki, oxşar simptomlara görə buğda allergiyası qlütenə qarşı dözümsüzlüklə qarışdırılır. Halbuki buğdaya qarşı allergik reaksiya onun tərkibində olan yüzlərlə zülalın yalnız birinə qarşı verilmiş immun cavabdır.

Soya da ən geniş yayılmış qida allergenlərindəndir. Daha çox azyaşlı uşaqlarda allergik reaksiyalara səbəb olur. Bu zaman qaşınma, burunda axıntı, ağızda səpgilər, nəfəsalmada çətinliklər, astma kimi hallar baş verir, nadir hallarda isə anafilaksiyaya səbəb olur. Müəyyən edilib ki, inək südünə qarşı allergiyası olan uşaqlarda soyaya qarşı da allergiya vardır. Soyanın bir çox qida məhsullarında olduğunu nəzərə alaraq, qida məhsullarını alarkən etiket məlumatları ilə tanış olmaq, eləcə də soya və soya ehtiva edən məhsulları qida rasionundan çıxarmaq lazımdır. Küncüt, kətan toxumu, ərik, banan, avokado, kivi, sarımsaq, xardal toxumu, çobanyastığı, kərəviz və digər qidalar da allergiyaya səbəb ola bilər.

Bir çox meyvə-tərəvəzə qarşı da allergiya yarana bilər. Adətən şaftalı, banan, kivi, alma, armud, ərik, manqo və papaya kimi ekzotik meyvələr allergik reaksiyaya səbəb olur. Tərəvəzlərdən isə paprika bibəri, turp, kök, çuğundur, soğana qarşı allergiya yarana bilər. Meyvələrə qarşı allergiyaya səbəb olan əsas amil onların tərkibindəki turşulardır. Qeyd edək ki, yaşıl rəngli meyvələr çox az miqdarda allergenlərə malikdir. Sarı rəngli meyvələrdə orta, qırmızı və narıncı rəngli meyvələrdə isə yüksək miqdarda allergen mövcuddur.

Emal edilmiş qida məhsullarının dad keyfiyyətinin yaxşılaşdırılması məqsədilə süddən alınmış kazein və laktoza, yumurtadan alınmış albumin kimi zülallar əlavə olunur. Belə gizli allergenlərin müəyyən edilməsi üçün qida məhsullarının düzgün etiketlənməsi vacib hesab edilir. Belə ki, Avropa Komissiyasının qərarına əsasən, etiket məlumatlarında 12 qida məhsulunun adı qeyd edilməlidir: tərkibində qlüten olan dənli bitkilər, ikitaylı molyuskalar, yumurta, yerfındığı, soya, süd (laktoza da daxil olmaqla), çərəz, xardal, küncüt toxumu, kərəviz, sulfitlər.

Allergik reaksiyalar respirator və ya ürək-damar çatışmazlığı zamanı həyat üçün olduqca təhlükəli ola bilər. Allergik reaksiyalara qarşı ən təsirli mübarizə vasitəsi kimi allergen məhsulları tərkibində həmin vitamin və qidalı maddələr olan başqa məhsullarla əvəz etmək tövsiyə olunur".
Xəbəri paylaş