ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Taypeyə səfəri Tayvan üzərindən ABŞ-Çin münasibətlərində yaşanan sayca 5-ci böhrandır. Bundan əvvəlki böhranlar 1954, 1958, 1995 və 1997-ci illərdə olub. Son iki hadisə onunla oxşardır ki, 1997-ci ildə də qalmaqala səbəb o zaman Pelosinin bugünkü vəzifəsini tutmuş Nyut Qinqriçin (Newt Gingrich) Tayvana səfəri olub.
1954-cü ildə konfliktə səbəb Tayvanla ABŞ arasında hərbi sazişin imzalanması olmuşdur. Ən gərgin vəziyyət isə 1958-ci ildə olub. O zaman Çin Tayvana məxsus Kinmen və Matsu adalarını (Tayvan ərazisi 168 adanı əhatə edir) artilleriya atəşinə tutub və onları zəbt etmək istəyib.
Vəziyyət o həddə çatıb ki, ABŞ hərbçiləri Çini dayandırmaq üçün nüvə silahından istifadəni təklif etsələr də prezident Duayt Ayzenhauer həmin təklifi rədd edib. 1995-ci ildə gərginliyə səbəb Tayvan prezidenti Li Tenq-huinin məzunu olduğu ABŞ-ın Kornel Universitetinə (Cornell University) səfəri olub.
Bill Klinton administrasiyası buna razılaşmasa da ABŞ Konqresinin Tayvan prezidentinin səfərinə "yaşıl işıq" yandıran qətnaməsi konfliktə şərait yaradıb. Sadalanan konfliktlərin hamısının oxşar cəhətlərindən biri Çinin reaksiyasında hər dəfə hərbi güc nümayişinin üstünlük təşkil etməsi olub.
Qısa tarixi arayış: 1971-ci ilədək beynəlxalq birliyin tam hüquqlu üzvü olmuş Tayvanın rəsmi adı Çin Respublikasıdır. Keçən sərin 40-cı illərinin sonlarında kommunistlərlə millətçilər arasında baş verən vətəndaş müharibəsi nəticəsində məğlub olan ikincilər başda liderləri Çan Kai-şek (və ya Çan Kay-şi) olmaqla Tayvana yerləşiblər.
Bundan sonra beynəlxalq hüququn subyekti olan Tayvan (Çin Respublikası) faktiki BMT-də bütövlükdə Çini təmsil edir, çünki əslində Çan Kai-şek 1928-ci ildən etibarən Çinin əsas ərazisində yaradılmış Çin Respublikasının və hakim millətçi partiyanın lideri olub. 1960-cı illərdən başlayaraq Tayvan yüksək iqtisadi inkişafa nail olub.
1971-ci ildə BMT-də səsvermə nəticəsində Çin Xalq Respublikası BMT üzvü kimi tanındıqdan sonra Pekin Tayvana və onunla əlaqələrini saxlamağa çalışan ölkələrə qarşı daha da sərt münasibət sərgiləyib. İqtisadiyyatın azz qala bütün sahələrində ciddi uğur qazanmış Tayvan Asiyanın əsas sənaye mərkəzlərindəndir.
Əhalisinin sayı 24 milyona yaxın olan ölkənin ÜDM-i $1.6 trilyon olmaqla dünyada 18-ci yeri tutur. Adambaşında düşən ÜDM-ə ($68,730) görə isə ölkə dünyada 13-cü yerdədir. Tayvanı bütün inkişaf etmiş dünya üçün əhəmiyyətli edən əsas iqtisadi amil isə qlobal çip istehsalının 66% bu ölkənin payına düşməsidir.
Elə bu səbəbdən də illərdir Tayvanı öz nəzarətinə götürmək istəyən Çinin qarşısı digər dünya gücləri tərəfindən alınır, çünki bu halda çip istehsalını ələ keçirən Pekin öz şərtlərini bütün dünyaya diqtə edə bilər. Tayvan həm də gələcəkdə Çinin mümkün demokratikləşməsi modeli və bu gün ona təzyiq üçün mühüm əhəmiyyət kəsb edir.
Bəs Nensi Pelosinin Tayvana səfəri hansı məqsədi güdürdü və onun nəticələri necə oldu? Hal-hazırkı konflikti zəruri edən amillər arasında bir neçə səbəb dayanır:
1. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən ruhlanan Pekinin Tayvana qarşı mümkün analoji addımlarının qarşısını almaq;
2. Pekinin Cənubi Çin dənizi hövzəsindəki süni adalara və dəniz yollarına nəzarəti ələ keçirməsinə son qoymaq;
3. Çinin öz qlobal iddialarını reallaşdırmaq üçün yetərincə gücü olmadığını ona və dünyaya göstərmək;
4. Çini ABŞ-la münasibətlərində və xüsusilə də Rusiyaya hərbi dəstək məsələsində güzəştlərə məcbur etmək;
5. Asiya-Sakit okean hövzəsində ABŞ-ın dominantlığını təmin etmək və s.
Təsadüfi deyil ki, Nensi Pelosinin Tayvana səfər edəcəyi əvvəlcədən elan olunmuşdu və Pekində bunun nə demək olduğunu yaxşı anlayırdılar. Görünür, elə bu, səbəbdən də ÇXR sədri Si Tzisipin və ABŞ prezidenti Co Bayden arasında telefon danışığı olmuşdu. Amma çox güman ki, telefon danışığı zamanı tərəflər ortaq məxrəcə gələ bilməmişdi, əks halda Pelosinin Tayvana səfəri baş tutmazdı və ya qeyri-müəyyən müddətə təxirə salınardı.
Bunun da səbəbi ya Vaşinqtonun Pekin üçün qeyri-məqbul şərtlər irəli sürməsi, ya da onun planında yetiş(diril)məkdə olan böhranın danışıqlar yolu ilə öncədən çözülməsinin nəzərdə tutulmaması ola bilərdi. Başqa sözlə, Vaşinqtonun Çinə gücünü göstərməsi üçün Pelosinin Tayvana səfəri baş tutmalı idi.
Belə dinamika Pekini çətin seçim qarşısında qoyurdu ki, Vaşinqtonda da Çin rəhbərliyinin qarşıdan gələn və həlledici ola biləcək partiya qurultayı ərəfəsində məhdud manevr imkanlarına malik olduğu nəzərə alınmışdı. Bu halda Si Tzisipin hökuməti bütün diqqətini daxildə uğur qazanmağa yönəltməli idi.
Çünki səfər baş tutacağı halda Çin rəhbərliyi 3 mümkün addımdan birini ata bilərdi:
1. ABŞ rəsmisinin təyyarəsinin Tayvana enməsinə imkan verməmək;
2. Baş verənlərə sakit diplomatik şəkildə reaksiya vermək;
3. Tayvanı və ABŞ-ı güc nümayişi ilə hədələyərək ölkənin daxili auditoriyasının gözləntisinə uyğun davranmaq.
Birinci variant tamamilə istisna olunurdu, çünki bu halda Çin-ABŞ "əzələ nümayişi" hərhansı səhv üzündən ciddi hərbi münaqişəyə çevrilə bilərdi.
İkinci varianta gedəcəyi halda Çin hökuməti öz partiyadaxili opponentlərinin ciddi tənqid və təzyiqlərinə məruz qala, bununla da qarşıdan gələn həlledici partiya qurultayında məğlub ola bilərdi.
Əsasən daxili siyasətdə uğur qazanmağa köklənmiş Çin rəhbərliyi üçün daha əlverişli üçüncü variant görünürdü ki, Si Tzisipin hökuməti də həmin addımı atdı.
Vaşinqtonda da görünür, hadisələrin elə bu istiqamətdə cərəyan edəcəyini hesablamışdılar. Çünki bu halda Si Tzisipin hökumətinin ata biləcəyi bütün addımlar ABŞ-a öz geosiyasi planlarını həyata keçirmək üçün imkan yaradırdı. Əslində belə də oldu və hər iki tərəf öz istəyinə nail olmaq üçün imkan əldə etdi.
Səfər ətrafında hərbi təhdid xarakterli addımları ilə Çin hökuməti daxili rəqiblərini susdura bildi, ABŞ isə öz geosiyasi maraqlarını təmin etmək üçün imkanlar əldə etdi. Amma münaqişə hələ yeni başlayır və onun hansı davamı olacağını söyləmək bir o qədər də asan deyil. Burda da dinamika xeyli dərəcədə Çin hökumətinin atacağı addımlardan asılı olacaq.
Onların isə konturları artıq indidən bəllidir. Belə ki, Pekin Tayvan ətrafında hərbi təlimlərə başladığını elan edib və bu iddiadan geri çəkilmək mümkün olmayacaq. Bu da Vaşinqtona Tayvanla hərbi-siyasi əməkdaşlığı sürətləndirmək üçün əsaslar verir. Belə əməkdaşlığın isə müxtəlif istiqamətləri ola bilər.
Onlardan biri Tayvanın müdafiəsi məqsədilə bölgəyə əlavə hərbi qüvvələrin (xüsusilə də HDQ-nin) yerləşdirilməsi və Taypeyə silah-sursat satışını artırmaq ola bilər. Bundan başqa ABŞ Sakit və Hind okeanları hövzəsinə nəzarəti gücləndirmək məqsədilə bir qədər əvvəl yaradılmış yeni hərbi-siyasi alyansı (AUKUS və ya Avstraliya-Böyük Britaniya-ABŞ) canlandıra bilər.
Buna şərait yaradan amillərdən daha ikisi bölgədə Rusiyanın güclənmək istəyi (o cümlədən yeni Dəniz Doktrinası) və Şimali Koreya liderinin zaman-zaman raket-bomba sınaqları həyata keçirməsidir. Yaranmış şəraitdə qlobal siyasətə təsir uğrunda mübarizədə vəziyyətin ABŞ-ın və onun müttəfiqlərinin xeyrinə dəyicəyi ehtimalı yüksəkdir.
P.S.: Tarixi-siyasi, hüquqi və digər əlamətlərilə əsaslı şəkildə fərqlənən Tayvan münaqişəsinin Qarabağ münaqişəsilə eyniləşdirilməsi haqda bəzən rast gəldiyimiz iddialar nəinki uğurlu deyil, hətta qüsurludur. Tayvan münaqişəsi etnik-ərazi deyil, bir xalqın fərqli siyasi sistemlər üzrə bölünməsi nəticəsində yaranmış münaqişədir.
Ərəstun Oruclu-"Şərq-Qərb" Analitik Mərkəzinin rəhbəri