Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır

Məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır


İnformasiya texnologiyaları inkişaf etdikcə, sosial şəbəkələrdə, internet resurslarında, eləcə də onlayn mediada insan hüquqlarının pozulması halları artır. Bu gün sosial şəbəkələr vasitəsilə məlumatların yayılmasından şantaj üsulu kimi istifadə edənlər də az deyil. Müasir texnologiyaların inkişafı, mobil proqramlardan istifadə tendensiyasının artımı, hüquqi savadlılığın zəif olması bəzən bir çox qanunsuz halların baş verməsinə gətirib çıxarır. Bunun isə fəsadları bir çox hallarda ağır olur.

Məkandan asılı olmayaraq şəxsi informasiya hər zaman qorunmalıdır. Bu məqamda platforma dəyişsə də, peşəkarlıq dəyişməməlidir. Onun tirajlanması bir insanın özəl həyatına müdaxilədirsə, dövlətin təhlükəsizliyi baxımdan vacibdirsə o informasiyanın yayılması yolverilməzdir. Eləcə də sosial şəbəkələrdə, onlayn resurslarda reytinq xatirinə şəxsi məlumatların yayılması hüquqi məsuliyyət yaradır. Konstitusiyanın 32-ci maddəsi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyata toxunulmazlıq hüququnu təsbit edir. Belə ki, 156-cı maddənin 1-ci bəndində qeyd edilir ki, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156.2. Eyni əməllər: vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə törədildikdə – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bundan başqa bir şəxsin razılığı olmadan onun haqqında məlumatların yayılması hüquqi məsuliyyətdir. Bir çox KİV-lər reytinq xatirinə insanların telefon danışıqlarını, yazışmalarını yayır. Bu qanun pozuntuları xarici ölkələrdə olduğu kimi Azərbaycanda da qanunla tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 155-ci maddəsində göstərilir ki, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozma min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır. Bundan əlavə, biz əksər ölkələrin, o cümlədən Azərbaycan Respublikası Cinayət qanunvericiliyinə də nəzər yetirsək görərik ki, bu növdən yazıların qeydə alınması özlüyündə cinayət məsuliyyətinə səbəb olur. Türk Ceza Kanunu 133, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 138, Almaniya Cinayət Qanununun 201-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsi eyni məzmunda cinayət tərkibini ifadə edir ki, buna müvafiq olaraq əməli törətmiş şəxsin cinayət məsuliyyəti yaranmış olur. Hər bir halda əməlin hansı zəmində törədilməsi, əməldə cinayət tərkibinin olub-olmaması mütləq araşdırılır.

Qeyd edim ki, bu növ münasibətlər "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapıb. Belə ki, (1953-cü il 3 sentyabr tarixli) Konvensiyanın 8.1-ci maddəsinə görə hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Eyni zamanda konvensiyanın 13-cü maddəsində Konvensiyada təsbit olunub hüquq və azadlıqları pozulan hər kəsin, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malik olması qeyd olunub.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş