Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı Sadiq Qurbanovun qənaətincə, tarixə nəzər salsaq görərik ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” 2006-cı il noyabrın 7-də Brüsseldə imzalanmışdır. Azərbaycanın təşəbbüsü və rəhbərliyi ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi iri transmilli infrastruktur layihələri həyata keçirilib:
"Azərbaycan çox geniş bərpa olunan enerji potensialına malikdir. Bizim quruda 27 GVt-dan artıq külək və günəş enerjisi, Xəzər dənizində isə 157 GVt dəniz külək enerjisi potensialımız var. İşğaldan azad edilmiş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda külək, günəş və su enerjisinin ümumi perspektivi 10 GVt-a yaxındır. “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafın Milli Prioritetləri” sənədində müəyyən edilmiş beş milli prioritetdən biri təmiz ətraf mühit və “yaşıl inkişaf” ölkəsidir. “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası”nda da bu prioritetlə bağlı konkret vəzifələr öz əksini tapıb. Ölkədə quraşdırılmış gücün bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər ən azı 30%-ə çatdırılması planlaşdırılır. BMT-nin iqlim dəyişikliyi ilə bağlı son iki konfransında qəbul edilmiş könüllü öhdəliklərə uyğun olaraq, digər məsələlərlə yanaşı, biz istixana qazları emissiyalarının 2050-ci ilə kimi 1990-cı ilə nisbətən 40%-ə qədər qədər azaldılmasını və azad edilmiş ərazilərdə sıfır emissiyalı “Yaşıl Enerji Zonası”nın yaradsılmasına nail olmağı hədəf seçmişik".
Deputat qeyd edib ki, Azərbaycanın “yaşıl” artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı “yaşıl enerji” zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür:
"Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də “yaşıl” enerji istehsalı və ixracının mənbələri qismindədir. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpa olunan enerjinin inkişafı geniş vüsət alır. Hal-azırda beynəlxalq enerji şirkətləri - Masdar, ACWA Power və bp ilə ümumi gücü 710 MVt olan külək və günəş enerjisi layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisinə olan tələbatın bərpa olunan enerji mənbələri hesabına tam ödənilməsi və yaşıl texnologiyalardan geniş istifadə olunacaq “Yaşıl enerji zonası”nın yaradılması istiqamətində tədbirlər davam etdirilir. Azərbaycanda növbəti illərdə əhəmiyyətli həcmdə yaşıl elektrik enerjisinin ixracına imkan yaradacaq layihələrin həyata keçirilməsi üzrə işlərə artıq başlanılıb. “”Masdar şirkəti ilə birlikdə biz 2027-ci ilə qədər ümumi gücü 4 GVt olan külək və günəş enerjisi istehsal olunacaq".
Sadiq Qurbanov bildirib ki, Avropa İttifaqı bu həcmlər üçün ən böyük potensial ixrac bazarıdır:
"18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu” nda nəzərdə tutulan enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığımız davamlı və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və hidrogen istehsalı sahəsində işlər davam etdirilir. Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında dördtərəfli əməkdaşlıq formatının yaradılması baş verir ki, bu layihə “yaşıl enerji” dəhlizinə çevrilməklə, Azərbaycanın elektrik enerjisi bazarını şaxələndirmək, təchizatçı rolunu genişləndirmək, Xəzər dənizinin Qara dəniz və Avropa ilə inteqrasiyasını gücləndirmək imkanlarına malikdir. Beləliklə, ölkəmizin Avropanın enerji təminatını bu dəfə “yaşıl enerji” vasitəsilə şaxələndirməsi üçün perspektivləri böyükdür. Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində dördtərəfli əməkdaşlığın əsasını qoyur. Ümumiyyətlə, dünyada enerji və geosiyasi vəziyyətlə bağlı müasir reallıqlarda Azərbaycanın “yaşıl enerji” gündəliyinə, enerji keçidi ilə bağlı planlarına güclü maraq və yüksək siyasi dəstək var. Bu aspektdə, Avropa İttifaqı ilə də imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu təbii qazla bərabər “yaşıl” enerjinin, xüsusilə Xəzər dənizinin külək enerjisi və “yaşıl” hidrogenin istehsalı-ixracı, enerji səmərəliliyi və metan emissiyalarının azaldılması üzrə də əməkdaşlığı əhatə edir. Sözü gedən və imzalanan bu Saziş də eyni zamanda Avropa İttifaqı ilə enerji dialoqunun əsas komponentlərindən biri kimi qiymətləndirilə bilər.
Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır".
Mehman