Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutur

Azərbaycan müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutur


Hər bir xalqın və dövlətin tarixində onun müstəqilliyini, azadlığını və suverenliyini əks etdirən önəmli günlər vardır. Azərbaycan tarixində belə mühüm günlərdən biri də 20 Sentyabr – Dövlət Suverenliyi Günüdür. Bu gün, ölkəmizin suveren dövlət kimi mövcudluğunu və ərazi bütövlüyünün tam bərqərar olunmasında atılmış əhəmiyyətli addımı təcəssüm etdirir.

Bu gün Azərbaycan Respublikası müstəqil və suveren bir dövlət olaraq beynəlxalq aləmdə layiqli yerini tutur. 1991-ci ildən bəri ölkədə dövlət quruculuğu istiqamətində böyük nailiyyətlər əldə edilmiş, iqtisadiyyatımız, diplomatik imkanlarımız güclənmiş, ordu quruculuğu sahəsində ciddi irəliləyişlər əldə olunmuşdur.

2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Müharibə nəticəsində işğal edilmiş ərazilərimiz azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonlarında yerləşən Ermənistan silahlı qüvvələri isə həmin ilin sonuna qədər ərazidən çəkildilər. Bununla da torpaqlarını 30 illik işğaldan azad edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü yerinə yetirmiş oldu.

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə böyük əməliyyatlara başlanıldı.

Cəmi 23 saat davam edən Dövlət Suverenliyinin Tam Bərpası Əməliyyatı nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu.

2024-cü ilin 19 sentyabr tarixində Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Beləliklə, hər il 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Dövlət suverenliyi – hər bir xalqın azad yaşamaq, özünü idarə etmək, milli dəyərlərini qorumaq və inkişaf etdirmək hüququdur. Bu prinsip beynəlxalq hüququn əsasını təşkil edir. Azərbaycan üçün suverenlik təkcə siyasi müstəqillik deyil, həm də iqtisadi azadlıq, mədəni dəyərlərin qorunması və milli maraqların təmin olunması deməkdir.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında” 2024-cü il 28 dekabr tarixli Sərəncam imzalamış və 2025-ci il 11 fevral tarixində müvafiq Tədbirlər Planını təsdiq etmişdir.

Bu təşəbbüs mühüm siyasi və tarixi əhəmiyyət daşıyan qərarlardan biri olmaqla yanaşı, Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.

Yaşasın müstəqil, bütöv, qalib, suveren Azərbaycan! Yaşasın məğrur Azərbaycan xalqı!
Bayramınız mübarək!

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva
Xəbəri paylaş