Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çanaqqala zəfərindən Qarabağ Zəfərinə

Çanaqqala zəfərindən Qarabağ Zəfərinə


Türkün tarixində zəfərlərin sayı çoxdur. Bizdən əvvəl min illərlə əcdadlarımızın, bu gün bizim və gələcəkdə yeni nəsillərimizin qürurla xatırlaya biləcəyi zəfərlərin sayı bilinmir. Onların ən möhtəşəmi isə son 100 il ərzində bütün dünya türklüyünə qürur yaşadan Canaqqala Zəfəridir.

Birinci Dünya müharibəsinin (1914 – 1918) ən dramatik hadisəsi sayılan Çanaqqala savaşı dünya hərb və siyasət tarixinin unikal, bənzəri olmayan epizodlarından biridir. XX əsrin əvvəllərində Avropanın aparıcı dövlətləri iki hərbi-siyasi blokda birləşərək dünyanın yenidən bölüşdürülməsi uğrunda savaşa atılmışdılar. Böyük güclərin toqquşma arenasında öz tarixinin ən zəif dövrünü yaşayan Osmanlı imperiyası dünyanın ən qüdrətli dövləti olan Böyük Britaniyanın və onun müttəfiqlərinin hərbi donanması və orduları ilə öz torpağında – Çanaqqalada üz-üzə gəlmişdi.
Bu ərəfədə Balkan müharibələrindəki məğlubiyyətlər Osmanlı dövlətinin və ordusunun nüfuzunu xeyli dərəcədə sarsıtmışdı. Dərin ziddiyyətlər içərisində boğulan Osmanlı dövlətinin Çanaqqala cəbhəsindəki ordusu bütün ciddiliyi ilə dərk edirdi ki, məhz bu döyüşdə özünü fəda etməsə, Vətənsiz qalacaq. Geriyə yol yox idi. Ordu yalnız və yalnız Qələbəyə doğru yürüməliydi. Antanta qısa bir zamanda Osmanlını yer üzündən silib atacağına əmin idi. Tale isə Zəfəri məhz böyük türk millətinin alnına yazmışdı.

1915-ci ilin 18 martında başlayan və aprelin 23-24-də ölüm-dirim mübarizəsinə çevrilən Çanaqqala savaşında türk ordusu dəniz və quru döyüşlərində, bəlkə də hərb sənətində Spartalılardan sonra tarixin ən parlaq şücaətini göstərdi. Tarixin bu həlledici anında türk əsgərləri güclü düşmən qüvvələri önündə canları ilə Vətən torpağına sipər çəkdilər. Ölərək Vətəni ölümsüz etdilər, öz qanları ilə doğma torpaq üzərində qəhrəmanlıq dastanı yazdılar. Çanaqqala zəfərindən yeni Türkiyə doğuldu.

Antanta qüvvələri isə çox böyük itki ilə geri çəkilməyə məcbur oldu, onların Birləşmiş Donanmasının hərbi gəmiləri Çanaqqala boğazında sulara qərq oldu...

Müharibə bitəndən sonra, bütün baş verənləri soyuq ağılla araşdıran tarixçilər və siyasətçilər bu qənaətə gəlirdilər ki, əslində, bütün ilkin şərtlərə görə, Osmanlı ordusunun həmin müharibədə məğlubiyyəti qaçılmaz idi. Bəs ona zəfər qazandıran nə oldu? – Yalnız türk əsgərinin yenilməzlik və fədakarlıq ruhu, öz haqqını müdafiə etmək qətiyyəti, dərin kökləri ilə öz torpağına bağlılığı.

Çanaqqala savaşında hərbi dühasını və liderlik keyfiyyətlərini göstərmiş və az müddət sonra Türkiyə Cümhuriyyətini qurmuş və onun ilk prezidenti olmuş Mustafa Kamal Atatürk 1937-ci ildə deyirdi: “... Türk Ordusu! Bütün millətin köksünü etimad və qürur hissi ilə dolduran şanlı ad budur! Ordumuz Türk birliyinin, Türkün qüdrət və qalibiyyətinin, Türk vətənsevərliyinin poladlaşmış bir ifadəsidir. Ordumuz – Türk torpaqlarının qorunması və Türkiyə idealının həyata keçirilməsi üçün göstərdiyimiz sistemli səylərin məğlubedilməz təminatıdır”.

O zamandan bu günümüzədək Türkiyənin tarixi zəfərlər tarixidir. 100 ilin sınaqlarından böyük uğurlarla çıxmış Türkiyə bu gün dünyanın aparıcı dövlətlərindən biri kimi dünyada gedən bütün proseslərə təsir göstərmək, qlobal proseslərə yön vermək iqtidarına sahib olmağa qədər böyük bir güc və nüfuz sahibinə çevrilib. Çanaqqala savaşı təkcə Osmanlının savaşı deyildi, bütün dünya türklərinin savaşı idi və ona görə də indi dünyada yaşayan hər bir türkün Çanaqqala Zəfəri ilə öyünməyə haqqı var.

Tarix təkrar olunur və türk xalqı xoşbəxt bir xalqdır ki, tarixlə bərabər zəfərlərini də təkrarlamağa qadirdir. Biz Çanaqqala zəfərimizi 100 il sonra Qarabağda təkrar etdik. Savaş çox ciddi-cəhdlə pərdələnmiş olsa da yenə də eyni qüvvələr arasında gedirdi. 80-cil illərin sonlarında öz müstəqilliyini bərpa etməyə çalışan Azərbaycana qarşı təcavüz ermənilərin əli ilə başladılmışdı. Amma ermənilərin arxasında duranlar Çanaqqala savaşından tanıdığımız və diz çökdürdüyümüz imperiyaların hələ də tükənmək bilməyən imperiyaçılıq iddiaları idi. Elə içimizdəki düşmən də həmin düşmən idi. 1-ci dünya müharibəsində Osmanlı imperiyasının zəifləməsindən və labüd görünən süqutundan istifadə edərək Anadolu torpaqlarında böyük Ermənistan yaratmaq iddialarına düşmüş ermənilər bu dəfə də sovet imperiyasının qaçılmaz süqutundan yararlanaraq Azərbaycan torpaqlarında öz xülyalarını gerçəkləşdirməyə cəhd göstərirdilər. 1915-ci ildə olduğu kimi 1988-ci ildə baş verən hadisələrdə də üçüncü tərəf qismində eyni personaj – ermənilər iştirak edirdilər.

Bu dəfə onlar İmperiyanın dəstəyi hesabına torpaqlarımızı müvəqqəti işğal edə bildilər, lakin yenə də türk əsgərinin iradəsini sındıra bilmədilər. 2020-ci ilin sentyabrında 30 il ərzində yığılmış qəzəbdən yumulan Dəmir Yumruq imperiya nökərlərinin başına endirildi. Onlar 30 illik işğal müddətində xalqımıza yaşatdıqları faciələrin bədəlini 2020-ci ilin Vətən müharibəsində artıqlaması ilə ödədilər və hələ uzun müddət də ödəyəcəklər.

1915-ci ildə olduğu kimi 2020-ci ildə də türkün düşmənləri öz iddialarının faciəvi sonluğu ilə üzləşdilər. Çanaqqala savaşında olduğu kimi Qarabağ savaşında da bütün türk dünyası öz sarsılmaz birliyini nümayiş etdirə bildi. Qardaş Türkiyənin bizim haqq mübarizəmizə verdiyi mənəvi-siyasi dəstək isə Qarabağ Zəfərimizin həlledici amili oldu. Ulu öndər Heydər Əliyevin “bir millət-iki dövlət” çağırışı real həyatda və real tarixi şəraitdə öz ifadəsini tapdı və həyatiliyini isbat etdi.

Bu il Türkiyə Cümhuriyyətimizin 100 yaşı tamam olur. 100 yaşlı qocaman Türkiyə bütün dünya türklərinin qürur yeri və iftixar mənbəyidir. Türkiyə-Azərbaycan birliyi isə bütün dünya türklüyünün cazibə ruhunu özündə əks etdirməklə, öz kökünə və soyuna sadiqliyin ən parlaq örnəyidir. Kökümüz, soyumuz birdir. Ulu əcdadlarımızın “Ey Türk, silkələn və özünə dön, sən özünə dönəndə möhtəşəm olursan” vəsiyyətinə sadiq qalaraq biz ora - tarixi qan və can birliyimizə doğru getməliyik və gedirik. Bu yolda bütün türk dünyasına yeni zəfərlər arzulayıram.

Cavanşir Feyziyev-Milli Məclisin deputatı
Xəbəri paylaş