
"Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana rəsmi səfəri, ölkələrimiz arasında münasibətlərə yeni təkan verdi. BƏƏ Ərəb dünyasının ən inkişaf etmiş, güclü iqtisadiyyata malik üç dövlətindən biridir. Azərbaycanla siyasi, iqtisadi, ticari, mədəni əlaqələrə malikdir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, davamlı şəkildə ərazi bütövlüyümüzü tanıyan ölkədir".
Bu fikirləri Newscenter.az-a səsləndirən Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, BƏƏ Birləşmiş Millətlər Təşkilatından tutmuş, İslam Əməkdaşlıq Təşkilatına qədər, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir:
"Təsadüfi deyil ki, ticarət dövriyyəsi getdikcə artmaqdadır. Ölkələrimiz arasında energetika, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı, logistika, ticarət, turizm sahələrində əməkdaşlıq sürətli inkişaf edir. BƏƏ Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatıran əsas dövlətlərdən biridir. Bu ölkəyə məxsus “MASDAR” şirkəti Azərbaycanda Günəş və Külək elektrik stansiyaları inşa edir".
Deputat qeyd edib ki, Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın səfər çərçivəsində Füzulini, Şuşanı ziyarət etməsi, Prezident İlham Əliyevlə səmimi görüşləri, münasibətlərdə yeni səhifənin, yeni imkanların açılması deməkdir:
"Eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun, iki lider arasında dostluğun ən yüksək səviyyədə olmasının göstəricisidir".
Süleyman