
“3 oktyabr tarixi sadəcə bir seçki günü deyildi. Bu gün, həm də Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və gələcəyini qoruyub saxlayan böyük bir dönüş nöqtəsi idi. Həmin dönüş nöqtəsi də məhz ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıtması ilə başladı”.
Newscenter.az xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. O deyib ki, 1990-cı illərin əvvəllərində ölkəmiz çətin bir vəziyyətdə idi:
“Qarabağ müharibəsi, daxili siyasi böhran, hakimiyyət böhranı və vətəndaş qarşıdurması təhlükəsi xalqımızı böyük bir uçuruma aparırdı. Dövlət institutları zəifləmış, xalq sabaha ümidini itirmişdi.
Belə ağır və məsuliyyətli bir anda xalq öz xilaskarına — Heydər Əliyevə üz tutdu. Xalqın dəvəti ilə Bakıya qayıdan Heydər Əliyev əvvəlcə Ali Sovetin sədri seçildi, daha sonra isə 3 oktyabr 1993-cü ildə keçirilən ümumxalq seçkilərində böyük səs çoxluğu ilə prezident seçildi”.
İctimai birlik sədri qeyd edib ki, məhz həmin tarixdən sonra Azərbaycanda yeni bir dövr — sabitlik, inkişaf və quruculuq dövrü müşahidə edilməyə başladı:
“İlk mərhələdə Heydər Əliyev Azərbaycanda siyasi sabitliyi bərpa etdi, silahlı qarşıdurmaların qarşısını aldı. Qanunsuz silahlı birləşmələri ləğv edərək qanunçuluğu və dövlətçiliyi bərqərar etdi. Ardınca güclü bir ordu quruculuğu, müstəqil və balanslı xarici siyasət, iqtisadi islahatlar həyata keçirildi. Azərbaycanın beynəlxalq nüfuzu artdı, sərmayələr cəlb olundu və inkişafın əsası qoyuldu”.
Arzuman Muradlı deyib ki, ən mühüm hadisələrdən biri isə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” oldu:
“Bu da Azərbaycanın neft strategiyasını və iqtisadi müstəqilliyini təmin etdi. Ölkə özünün sürətli inkişaf mərhələsinə qədəm qoydu. Bütün bu uğurların arxasında Heydər Əliyevin müdrikliyi, siyasi iradəsi və xalqına olan sonsuz sevgisi dayanırdı”.
Arzuman Muradlı, “Ulu Öndərin ideyaları bu gün də yaşayır və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Onun siyasəti nəticəsində artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa eedərək, tarixinin ən güclü dövrünü yaşayır”,-deyə bildirib.
Süleyman