Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün gənclər Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər

Bu gün gənclər Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər


"2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizdə həm tarixi, həm də mədəni baxımdan xüsusi əhəmiyyətə malik günlərdən biridir. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixli Sərəncamla qoyulmuş və fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu addım Azərbaycanın MDB və Şərqi Avropa ölkələri arasında Gənclər Gününü rəsmi şəkildə təsis edən ilk ölkə kimi tarixə düşməsinə səbəb olmuşdur. Həmin gündən etibarən hər il bu gün gənclərin cəmiyyətin inkişafındakı rolunu təqdir etmək və onların üzərinə düşən məsuliyyəti xatırlatmaq məqsədilə genişmiqyaslı tədbirlər keçirilir. Azərbaycan gəncləri yalnız ölkənin gələcəyi üçün deyil, həm də milli dəyərlərin qorunmasında və inkişafında fəal iştirak edən əsas qüvvə kimi qiymətləndirilir".

Bunları Newscenter.az-a politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərə Azərbaycan xalqının gələcəyi kimi baxır, onların fiziki və mənəvi cəhətdən sağlam, bilikli, vətənpərvər və yüksək əxlaqi dəyərlərə malik olmasını dövlət siyasətinin əsas prioritetlərindən biri hesab edirdi:

"Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin ideoloji təməlini təşkil etmişdir. 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Ulu Öndər gənclərin potensialının inkişafını prioritet məsələ kimi irəli sürmüş, bu istiqamətdə dövlət dəstəyi mexanizmlərini formalaşdırmışdır.

Bu məqsədlə 1994-cü ildə Gənclər və İdman Nazirliyi yaradılmış, 1996-cı ildən etibarən isə Azərbaycan gənclərinin forumları və tədbirləri mütəmadi keçirilmişdir. 1999-cu ildə “Dövlət gənclər siyasəti haqqında” Fərman, 2002-ci ildə isə “Gənclər siyasəti haqqında” Qanun qəbul olunmuş, istedadlı gənclərə dövlət qayğısının bariz nümunəsi olaraq “Azərbaycanın gənc istedadlarının Qızıl kitabı” təsis edilmiş, Prezident təqaüdləri verilməyə başlanmış, xaricdə təhsil proqramları genişləndirilmişdir".

Politoloq qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi uğurlu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir:

"Prezident İlham Əliyev gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsini, onların təşəbbüskar, savadlı və vətənpərvər kadrlar kimi formalaşmasını təmin edən layihələri dəstəkləyir. 2007-ci ilin “Gənclər ili” elan olunması, “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması, Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, “Yüksəliş” müsabiqəsi və “Gənclər üçün Prezident Mükafatı” bu siyasətin konkret nəticələridir.

Azərbaycan gəncləri yalnız təhsil və elm sahəsində deyil, həm də ölkənin müdafiəsi və beynəlxalq nüfuzunun artırılmasında fəal iştirak edirlər. Vətən müharibəsində gənclərin göstərdiyi qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik ruhu, eyni zamanda informasiya müharibəsində gənclərin fəallığı onların dövlətə sadiqlik və məsuliyyət duyğusunun bariz nümunələridir. Bu gün gənclər yalnız öz bilik və bacarıqlarını inkişaf etdirmir, həm də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər".

Yusif Bağırzadə bildirib ki, Azərbaycan gəncliyi azad, sabit və özünə güvənən mühitdə yaşayır:

"Gənclərin inkişafına xidmət edən dövlət proqramları, xaricdə təhsil imkanları, könüllülük hərəkatı, idman və mədəni layihələr onların hərtərəfli formalaşmasına şərait yaradır. Sosial fəallıq, liderlik bacarıqları və innovativ düşüncə Azərbaycan gənclərinin ölkəmizin dayanıqlı inkişafında və milli maraqların qorunmasında mühüm rol oynadığını göstərir.

2 Fevral – Azərbaycan Gəncləri Günü yalnız gənclərin cəmiyyətdəki rolunun və dövlətin onlara olan etimadının ifadəsi deyil, həm də onların üzərinə düşən məsuliyyəti xatırladan gündür. Bu gün gənclər bilirlər ki, müstəqil və güclü Azərbaycan naminə çalışmaq, dövlətimizi qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha dayanıqlı və firavan ölkə miras qoymaq onların həm vətəndaşlıq, həm də mənəvi borcudur. Gənclərimizin enerjisi, yaradıcılığı və təşəbbüskarlığı ölkəmizin inkişafını sürətləndirən əsas amil olaraq daim dəstəklənir və qiymətləndirilir".

Süleyman
Xəbəri paylaş