Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev gənclər siyasətini yeni mərhələyə yüksəltdi

Prezident İlham Əliyev gənclər siyasətini yeni mərhələyə yüksəltdi


Azərbaycan cəmiyyətinin inkişafında gənclərin rolu həmişə mühüm olmuşdur. Tarixin bütün dövrlərində gənclər xalqın düşüncə və iradə gücünün təcəssümü kimi çıxış etmiş, yeniliklərə açıq baxışı, enerjisi və vətən sevgisi ilə mühüm proseslərin önündə dayanmışlar. Müstəqil Azərbaycanın dövlətçilik modelində də gənclərin fəaliyyəti xüsusi strateji əhəmiyyət daşıyır. Bu baxımdan 2 fevral tarixi, Azərbaycan Gəncləri Günü sadəcə bir gün deyil, dövlətin gələcəyinə inamın və gənclərin ictimai dəyərinin rəmzidir.

1990-cı illərin ortaları Azərbaycanın müstəqillik yolunda taleyüklü bir dövr idi. Ölkədə sabitliyin bərqərar olması, iqtisadi və siyasi quruculuğun əsaslarının yaradılması ilə yanaşı, cəmiyyətin ideoloji dayaqları da formalaşırdı. Bu prosesdə gəncliyin düzgün istiqamətdə inkişafı, milli məqsədlərə səfərbər olunması həyati zərurət idi. Məhz həmin dövrdə Ulu Öndər Heydər Əliyev gəncləri dövlətin mühüm dayaqlarından biri kimi önə çəkdi və Azərbaycan tarixində ilk dəfə olaraq sistemli gənclər siyasətinin əsasını qoydu.

1996-cı il fevralın 2–3-də Bakıda keçirilmiş Azərbaycan gənclərinin birinci forumu bu siyasətin təməl hadisəsi oldu. Respublikanın bütün bölgələrindən minlərlə gəncin iştirakı ilə keçirilən bu forumda gənclərin ölkənin gələcək inkişafında rolu, dövlətə və cəmiyyətə məsuliyyəti geniş müzakirə edildi. Forumda çıxış edən Heydər Əliyev gənclərə müraciətlə söylədi: “Gənclər bizim sabahımızdır. Azərbaycanın gələcəyi sizin əlinizdədir.” Bu sözlər yalnız bir siyasi bəyanat deyildi, həm də dövlətin gəncliyə olan inamının və etimadının rəmzinə çevrildi.

Məhz bu forumdan sonra Heydər Əliyev 1997-ci il fevralın 2-də imzaladığı sərəncamla 2 Fevral Azərbaycan Gəncləri Gününü təsis etdi. Beləliklə, Azərbaycan postsovet məkanında gənclər gününü dövlət səviyyəsində qeyd edən ilk ölkə oldu. Bu addım gənclərin dövlət quruculuğunda roluna verilən strateji dəyərin, onlara göstərilən etimadın rəsmi ifadəsi idi.

Heydər Əliyevin gənclərlə bağlı siyasəti sadəcə təbliğat xarakteri daşımırdı. O, gənclərin potensialını dövlətin gələcək inkişafı üçün intellektual və mənəvi kapital kimi qiymətləndirirdi. 1990-cı illərin sonlarından başlayaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirildi. Gənclər və İdman Nazirliyi yaradıldı, gənclərin xaricdə təhsil alması üçün dövlət proqramları hazırlandı, eləcə də ictimai həyatda onların fəallığının artırılmasına yönəlmiş müxtəlif təşəbbüslər gerçəkləşdirildi. Bu siyasətin mahiyyəti sadə, lakin dərin idi: gəncləri dövlətə bağlı, müasir düşüncəli, vətənpərvər və bilikli vətəndaş kimi formalaşdırmaq.

2003-cü ildən sonra Prezident İlham Əliyev bu siyasəti yeni mərhələyə yüksəltdi. Gənclərin müasir çağırışlara uyğun inkişafı dövlət strategiyasının tərkib hissəsinə çevrildi. Bu dövrdə qəbul olunan “Azərbaycan Gəncliyi 2005–2009-cu illərdə” Dövlət Proqramı, “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, gənclərin innovativ layihələrinin dəstəklənməsi bu istiqamətdə atılmış mühüm addımlar idi. Yeni dövrdə gənclər artıq idarəetmədə, sosial innovasiyalarda, elm və texnologiya sahəsində öz sözünü deyən aparıcı qüvvəyə çevrildilər.

Xüsusilə 2020-ci il Vətən müharibəsində gənc əsgərlərin, zabitlərin və könüllülərin göstərdiyi qəhrəmanlıq, bu günün mənəvi yükünü daha da dərinləşdirdi. O gənclər sübut etdilər ki, Heydər Əliyevin formalaşdırdığı və İlham Əliyevin inkişaf etdirdiyi nəsil dövlətinə, xalqına və torpağına sədaqətlə xidmət edir. Onların fədakarlığı Azərbaycan gəncliyinin əsl simasını cəsarətli, vicdanlı, bilikli və vətənpərvər bir nəsil obrazını göstərdi.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Xəbəri paylaş