
“Uşaqların, ailənin və cəmiyyətimizin sosial rifahının qorunması Azərbaycan həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Cənab Prezidentin rəhbərliyi ilə aparılan ardıcıl sosial islahatlar ailə institutunun möhkəmləndirilməsinə, uşaqların hüquqlarının etibarlı şəkildə təmin olunmasına və onların sağlam mühitdə böyüməsinə xidmət edir. Son illər bu sahədə qəbul olunan qanunlar, dövlət proqramları və institusional mexanizmlər dövlətimizin bu məsələlərə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir”.
Newscenter.az xəbər verir ki, Milli Məclisin deputatı Könül Nurullayeva belə deyib. Bildirib ki, “Uşaq hüquqları haqqında” qanun layihəsi də məhz bu siyasətin davamı olaraq uşaqların, ailənin və ümumilikdə cəmiyyətimizin hüquqi müdafiəsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, layihədə bir sıra qanunvericilik aktlarına edilən dəyişikliklər kompleks və sistemli yanaşmanın göstəricisidir.
Deputat qeyd edib ki, Mülki Prosessual və Cinayət-Prosessual məcəllələrə edilən dəyişikliklər uşaqların məhkəmə və istintaq proseslərində daha təhlükəsiz, eyni zamanda psixoloji baxımdan qorunan şəraitdə iştirakını təmin edir:
“Proseslərə psixoloqun cəlb olunması uşağın psixoloji durumunun nəzərə alınması baxımından mühüm və mütərəqqi addımdır.
Eyni zamanda, uşağa zərər vurmaqda şübhəli bilinən şəxsin onun qanuni nümayəndəsi kimi çıxış etməsinin qadağan olunması hüquqi ədalətin təmin edilməsi və maraqların toqquşmasının qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir”.
Ailə Məcəlləsinə edilən əlavələrin valideyn himayəsindən məhrum olan uşaqların müdafiə mexanizmlərini dəqiqləşdirdiyini qeyd edən K.Nurullayeva bildirib ki, bu sahədə dövlət orqanlarının məsuliyyəti də artır. Onun sözlərinə görə, prokuror nəzarətinin nəzərdə tutulması uşaqların hüquqlarının qorunmasına əlavə hüquqi təminat yaradır.
“Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Qanuna edilən dəyişikliklə sosial-psixoloji reabilitasiyanın ayrıca vurğulanmasını vacib sayan K.Nurullayeva hesab edir ki, uşaqlar arasında davranış problemlərinin arxasında çox vaxt sosial və psixoloji amillər dayanır və bu səbəblər aradan qaldırılmadan davamlı nəticə əldə etmək mümkün deyil.
“Bədən tərbiyəsi və idman haqqında” Qanuna edilən dəyişikliyə də münasibət bildirən deputat qeyd edib ki, məşqçilərin uşaqları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq öhdəliyinin birbaşa qanunvericilikdə təsbit edilməsi idman mühitində sağlam və təhlükəsiz atmosferin formalaşdırılmasına xidmət edir.
Reklam, media və tütünlə bağlı qanunlara edilən dəyişikliklərə gəlincə, deputat hesab edir ki, bu, dəyişikliklər uşaqların zərərli informasiya və təsirlərdən qorunmasına yönəlib: “Xüsusilə uşaqların görüntülərindən valideyn razılığı olmadan reklamda istifadə edilməsinin qadağan olunması və yetkinlik yaşına çatmayanların şəxsiyyət məlumatlarının yalnız yazılı razılıq əsasında yayılması beynəlxalq standartlara tam uyğundur.”
K.Nurullayevanın sözlərinə görə, mövcud dəyişikliklər dövlət siyasətinin mərkəzində insan amili, xüsusilə də uşaqların rifahının dayandığını bir daha təsdiqləyir:
“Təqdim olunan qanun layihəsi uşaqların hüquqlarının daha effektiv müdafiəsinə, risk qruplarında olan uşaqların vaxtında aşkar edilməsinə və onların cəmiyyətə sağlam inteqrasiyasına mühüm töhfə verəcək”.
Ruhiyyə Mehdiyeva











































