Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına hədəflənib

Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına hədəflənib


2 fevral tarixinin dövlət səviyyəsində Gənclər Günü kimi qeyd olunması müasir tariximizin önəmli siyasi hadisələrindən biridir. Bu tarixi addımın müəllifliyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ulu Öndərin qərarı ilə 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb. Daha sonra, 1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Azərbaycan Gənclərinin 1-ci Forumu keçirilib. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlayıb. Beləliklə, birmənalı şəkildə deyə bilərik ki, müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra qoyulub və ölkə gəncləri Ulu Öndərin prezidentliyi dövründə daim onun diqqət mərkəzində olub.

Sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən gənclərimizin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına, onların peşəkar kadr kimi yetişmələrinə yaxından dəstək verən Heydər Əliyev, müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və qorunmasında da gənclərimizə xüsusi önəm verirdi. Ulu Öndər müstəqil Azərbaycanın quruculuq və inkişafı üçün böyük kadr bazası formalaşdırmışdı. O, çox gözəl bilirdi ki, hər bir xalqın gələcəyi ilk növbədə məhz vətənpərvər və milli ruhda tərbiyə olunmuş savadlı, peşəkar kadrların mövcudluğundan asılıdır. Məhz bu cür uzaqgörən idarəçilik siyasətinin nəticəsində yetişən kadrlar sonradan həqiqətən də müstəqil Azərbaycanın bərpa və quruculuğunda aparıcı qüvvəyə çevirildilər.

Ulu Öndər sözdə yox, əməli olaraq gənclərimizi Azərbaycanın sabahı, etibarlı gələcəyi kimi dəyərləndirir və onlara böyük inam bəsləyirdi. Bunun nəticəsidir ki, 1990-cı illərin ikinci yarısında və 2000-ci illərin əvvəllərində ölkə gənclərinin ictimai-siyasi proseslərdə fəal iştirakı və onların bütün istiqamətlərdə - dövlət idarəçiliyində, ordu quruculuğunda, elm və mədəniyyət sahələrində önə çıxması üçün ardıcıl və məqsədyönlü addımlar atılır, müxtəlif proqramlar həyata keçirilirdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına hədəflənib. Belə ki, gənc kadrların irəli çəkilməsi ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifənin reallaşması istiqamətində ardıcıl tədbirlər görülür. Ölkə gənclərinin hərtərəfli inkişafına ən yüksək səviyyədə diqqət və qayğı göstərən dövlətimizin başçısının 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Bu müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır. Sözügedən müsabiqə gənclərimizin özlərini həm idarəçilikdə, həm də cəmiyyətdə təsdiq etməsində həqiqətən də mühüm rol oynayır.

Prezidentin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 1 oktyabr tarixli Sərəncamına əsasən, Azərbaycanın şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması işi uğurla davam etdirilir. “Azərbaycan Gəncliyi Dövlət Proqramı" çərçivəsində görülən işlər də gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb. Eyni zamanda, gənclərin hərtərəfli inkişafını, onların cəmiyyətimizin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə Azərbaycan Prezidenti yanında yaradılmış Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirməsinə önəmli dəstək verir.

Prezidentin gənclərə dəstək yönündə atdığı mühüm addımlardan biri də ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi olub. Həmçinin gənclərimizin potensialının və onların məsələlərə innovativ baxışlarının cəmiyyət üçün faydalılığını nəzərə alan Prezident İlham Əliyev ölkədə könüllüllülər hərəkatının vüsət almasına da böyük dəstək verir. Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi də məhz bu dəstəyin təzahürü idi. Bütün bunlar onu göstərir ki, bu gün ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir və idarəçilikdən tutmuş ictimai həyatın bütün sahələrinə qədər, hər yerdə gənclər önə çəkilir.

44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi şücaət və qəhrəmanlıq nümunələri isə ölkədə aparılan gənclər siyasətinin gerçəkdən uğurlu olduğunu bir daha təsdiqlədi. Çünki məhz müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənc əsgərlər, zabitlər, qazilər Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində əsas qüvvə kimi çıxış etdilər. Bu mənada, 2020-ci ilin sentyabrın 27-də başlayan və rəşadətli Azərbaycanın Ordusunun parlaq Qələbəsi ilə bitən 44 günlük Vətən müharibəsi həqiqətən də gənclərimiz üçün əsl sınaq meydanı oldu. Onlar bu sınaqdan alnı açıq, üzüağ çıxdılar. Prezident İlham Əliyevin 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə ünvanladığı müraciətdə qeyd olunduğu kimi, "Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir".

Azərbaycanın fədakar və vətənsevər gənclərinin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun sıralarında vuruşaraq ərazi bütövlüyü və suverenliyimizin bərpa edilməsinə nail olmaları Ulu Öndər Heydər Əliyevin illər əvvəl gənclərin dövlət müstəqilliyinin qorunmasında aparıcı rolu ilə bağlı səsləndirdiyi fikrin real təsdiqidir. Vətən müharibəsi zamanı milli ruhlu, təəssübkeş gənclərimiz ölkəmizlə bağlı həqiqətlərin və işğalçı Ermənistanın barbar davranışlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında da fəal iştirak ediblər. Azərbaycan gəncləri həm real müharibənin, həm də informasiya savaşının qalibi oldular. Cənab Prezidentin vurğuladığı kimi, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşıb və ümid edirik ki, tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək.

Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş