
BMT İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin sədr müavini Nadir Adilov 2 fevral – Gənclər Günü ilə bağlı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında çıxış edib.
Newscenter.az xəbər verir ki, o, Gənclər Gününün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən təsis olunduğunu vurğulayaraq, bu günün gənclərin inkişafında xüsusi rol oynadığını qeyd edib. Nadir Adilov bildirib ki, Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə böyük diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsində hər il yüzlərlə gənc əmək bazarında layiqli yer tutur və karyera inkişafı üçün dövlət tərəfindən geniş imkanlar yaradılır.

Çıxışında o, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta da toxunaraq, bu sənədin 16 dekabr 1966-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edildiyini və 3 yanvar 1976-cı ildə qüvvəyə mindiyini xatırladıb. 2016-cı ilin oktyabr ayına olan məlumata görə, 173 dövlət Pakta qoşulub. Bəzi ölkələr isə əmək hüquqları ilə bağlı müddəaları qəbul etməyib. Azərbaycan bu Pakta 13 avqust 1992-ci ildə qoşulub və həmin tarixdən etibarən onun tərəfdaşıdır.

Nadir Adilov qeyd edib ki, Pakta qoşulmaqla ölkəmiz aşağıdakı sahələrdə beynəlxalq öhdəlik götürüb:
● İqtisadi hüquqlar: İşləmək, ədalətli əmək şəraiti, sosial təminat.
● Sosial hüquqlar: Sağlamlıq, təhsil, ailə qorunması.
● Mədəni hüquqlar: Mədəni həyatda iştirak, elmi tərəqqidən faydalanmaq.
Bu öhdəliklər dövlətimizin yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da vətəndaşların, xüsusən gənclərin inkişafına verdiyi önəmi və sadiqliyini göstərir. O, Azərbaycanın bu sahədə gördüyü işlərin mütərəqqi, mühüm və alqışa layiq olduğunu vurğulayıb.

Nadir Adilovun sözlərinə görə, BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi iştirakçı dövlətlərin Pakt üzrə öhdəliklərinə uyğunluğunu və hüquqların icra səviyyəsini izləyir.
Komitə fəaliyyətində müxtəlif mənbələrdən, o cümlədən dövlətlərin təqdim etdiyi hesabatlardan və BMT-nin ixtisaslaşmış qurumlarının məlumatlarından istifadə edir. Bunlara Beynəlxalq Əmək Təşkilatı, UNESCO, Dünya Səhiyyə Təşkilatı, BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı, Qaçqınlar üzrə Ali Komissarlıq və digər qurumlar daxildir.
Əlavə olaraq, Komitə qeyri-hökumət təşkilatlarının, beynəlxalq insan hüquqları qurumlarının və digər açıq mənbələrin məlumatlarına da əsaslanır. O, beynəlxalq monitorinqin fərdi şikayətlərin araşdırılması ilə birbaşa əlaqəli olmadığını qeyd edərək fikirlərini tamamlayıb.

Sonda Nadir Adilov vurğulayıb ki, Azərbaycanın beynəlxalq təşkilatlara təqdim etdiyi hesabatlarda gənclərin iqtisadi, sosial və mədəni hüquqları sahəsində görülən işlər digər sahələrdə olduğu kimi təqdirəlayiqdir.
Nadir Adilov fikirlərini ölkəmizdə inkişaf edən könüllülük hərəkatının gənclərin karyera, əmək bazarında inkişafında rolu məsələlərini qeyd etməklə tamamlayıb.

Süleyman











































