Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük rüsumlarının yuxarı və alıcılıq qabiliyyətinin aşağı olması satıcıları maddi sıxıntıya sövq edir



Newscenter.az.25.04.2020. COVİD19 pandemiyası bütün dünya ölkələrinə öz zərərini vurmaqdadır. Təbii ki avtomobil sektoru da bundan yan keçmədi. Ölkəmizdə tətbiq olunan mövcüd karantin vəziyyəti hətta satış bazarının bağlanmasına gətirib çıxardı. Üstəlik nəzərə alsaq ki, Avropadan da idxal yoxdur, yollar bağlıdır. Bəs gedişat nəyi göstərir? Stabilləşməyə doğru bazarda nə baş verəcək? Avropa bazarında vəziyyət necədir? Vəziyyətdən sui istifadə halları varmı? Bağlı sərhədlərdən kimlər və hansı yollarla keçərək ölkəyə avtomobil gətirir?

Belə ki, gedişata nəzər yetirsək, onsuz da ölməkdə olan bazardan yaxın gələcəkdə hər hansı bir sıçrayış gözləmək olmaz. Avtomobil satışları məlum hadisədən hələ öncə də çox zəif idi. Sadəcə müəyyən qədər fərq satışların bir müddət dayanmasına görə yaşana bilər. Artıq bir aydan çoxdur ki, yollar bağlı olduğundan ölkəyə avtomobil gəlmir. Status-kvo dəyişdikdən sonra yavaş-yavaş idxal yaranacaq. Lakin əsas tələbatın bazarda - ölkə daxili istifadədə olan avtomobillərə (qiymət ucuzluğuna görə) olacağı gözlənilir. Avropada da vəziyyət eynidir. Adətən Avropa bazarında avtomobillərin satış qiymətində azalma heç vaxt müşahidə edilmirdi. Çünki bazar stabil qiymətlər üzərində qurulmayıb. Kimisi dəyərindən ucuz, kimisi isə istədiyi qiymətə avtomobilini satışa çıxarırdı. Lakin araşdırmalarım əksini göstərdi. Belə ki, Azərbaycan üçün ixrac etdiyimiz avtomobillərin qiymətində xeyli ucuzlaşmanın şahidi oldum.

Hər halda yuxarıda qeyd etdiyim kimi bu, satışların tamamilə dayanmasından irəli gəlir. Çünki Avropa avtomobil bazarını loru dil ilə desək Qafqaz və Asiya ölkələri "oynadır". Almanların heç maraq göstərmədiyi avtomobillər əsasən Rusiya, Gürcüstan, Azərbaycan, Ermənistan, Ukrayna və Qazaxıstana satılır. Mövcud vəziyyətdə isə yolların bağlı olması və ölkə daxilində bu kimi avtomobillərə marağın olmaması ucuzlaşmaya səbəb olur. Bəs bu durumdan kimlər faydalanır? Avtomobil alqı-satqısı ilə məşğul olanlar "biznes riski sevir" devizi ilə bir çox yollara əl atırlar. Yaranmış vəziyyətdən istifadə edərək, satış məqsədilə avtomobilləri ucuz alıb yerləşdiyi ölkədə müvəqqəti olaraq "stock" kimi saxlayırlar. Yollar açıldıqdan sonra Azərbaycana idxal edərək müəyyən bir qiymətə satışa çıxarılacaq. Və ya hal-hazırda gəmi ilə yük daşımalar işlədiyindən, yüklər (avtomobillər) Almaniyadan Gürcüstanın Batumi və Poti limanına göndərilir. Bu vəziyyətdən isə ən çox gürcülər yararlanır. Başqa bir yol isə yük dolu avtomobil ilə bağlı sərhədlərdən keçməkdir. Satış üçün aparılan böyük TIR-lar qida məhsulları ilə yüklənir. Belə olan halda qida dolu yük avtomobili bağlı sərhədlərdən asanlıqla keçir. Avtomobil biznesi ilə məşğul olan şəxs həm satışa apardığı yük avtomobilindən qazanır, həm də içərisində olan qida məhsullarını satışa çıxarır. Üstəlik yol xərcinə də xeyli qənaət etmiş olur.

Neftin qiymətinin aşağı düşməsi Avropada yanacağın da ucuzlaşmasına səbəb olub. Bir neçə ay öncə Almaniyada benzinin 1litrinin qiyməti 1.40 €, dizelin isə 1.30 € olduğu halda, hazırda benzinin qiyməti 1.15 €, dizelin isə 1.00 € civarında ölçülür. Təbii ki bu da öz növbəsində yük daşımalarda yanacağ xərcininin azalmasına gətirib çıxarır. Dünya ölkələrinin bütün sərhədlərini bağladığı bir vaxtda həqiqətən avtomobillərin Azərbaycana idxalına şübhəsi olan şəxs Dövlət Gömrük Komitəsindən məlum ay ərzində neçə ədəd yük və neçə ədəd minik avtomobilinin ölkəyə gətirilmə sayını - statistik məlumatı əldə edə bilər. Ümumiyyətlə ölkəmizdə avtomobil bazarının dayanıqlığının hələ yaxın gələcəkdə də çətin olacağı gözlənilir. Hesab edirəm ki, hökümət konkret addımlar atmalıdır. Xaricdən idxal olunan avtomobillərə, ölkəyə daxil olduqda tətbiq edilən 72 saat ərzində rəsmiləşdirmə limiti ən azı 60-90 günə qədər artırılmalıdır. Gömrük rüsumlarının yuxarı və alıcılıq qabiliyyətinin aşağı olması satıcıları maddi sıxıntıya sövq edir. Bu barədə artıq hökümətə müəyyən təkliflər verilib. İş adamları ilə dövlət həmişə bir-birinə dayaq olublar. Ümid edirəm bu çətin vəziyyətdən də alnı açıq çıxacağıq.


Rəşad Quliyev Sevara Groupun direktoru
Xəbəri paylaş