Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Millət vəkili Ramil Həsən: "Prezident İlham Əliyev qlobal dünyada tarixi çağırışların memarıdır"



Newscenter.az.5.05.2020. Məlum olduğu kimi, Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri Prezident cənab İlham Əliyevin bilavasitə tarixi çağırışı və təşəbbüsü ilə dünyanın 120-dən çox ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı videokonfrans yolu ilə baş tutmuşdur. Videokonfrans çərçivəsində Zirvəyə 40-dan çox üzv ölkənin dövlət və hökumət başçıları ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri və Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa İttifaqının ali nümayəndəsi kimi dünyada söz və nüfuz sahibi olan liderlər iştirak etmişlər.

Təməli 1955-ci ildə Bandunq Konfransı ilə qoyulmuş və 1961-ci ildə Belqradda imzalanmış Sazişlə rəsmən təsis olunmuş Qoşulmama Hərəkatı bu gün BMT-dən sonra dünyada 2-ci nüfuzlu və böyük bir təşkilatdır. Xüsusilə, vurğulamaq lazımdır ki, Qoşulmama Hərəkatı inkişaf etməkdə olan və üçüncü dünya ölkələrinin daha çox birləşmiş olduğu ölkələr olmasına baxmayaraq, eyni zamanda inkişaf etmiş bir çox ölkələr də burda öz yerini ya üzv, ya da müşahidəçi statusu ilə almaqdadırlar. Azərbaycan 2012-ci ildən Qoşulmama Hərəkatına daxil olmasına və tam hüquqlu üzv olmasına baxmayaraq, qısa müddətdə xarici siyasətdə apardığı effektiv addımlar nəticəsində Qoşulmama Hərəkatının 2019-cu ildən 2022-ci ilə qədər rəhbərlik etmək kimi xüsusi tarixi bir missiyanı öz üzərinə götürmüşdür. Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının daxili nizamnaməsinə uyğun olaraq bu təşkilata üç il ərzində rəhbərlik edəcəkdir.

Bildiyiniz kimi, bütün dünya hal-hazırda qlobal COVID-19 pandemiyasına qarşı ortaq mübarizə çərçivəsində birləşmək üçün müxtəlif yollar axtarmaqdadır. Bu gün xəstəliyin sayı dünya miqyasında üç milyon yarımı keçmişdir. Təəssüf ki, bu gün nə qədər də qabaqlayıcı önləmlər alınsa da, ölümlərin sayının təmamən qarşısını almaq hələ ki, mümkün deyildir. Bu mənada, tarixi təşəbbüsün memarı olaraq ortaya çıxmaq və dünya beynəlxalq münasibətlər sistemində idarə edilən deyil, xüsusilə vurğulamaq istəyirəm, idarə edənlər kimi nüfuzlu liderlər silsiləsinə daxil olmaq Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin nə qədər praqmatik, sürətli düşünmə mexanizminə sahib olan qüvvətli və konkret təklif və təşəbbüslərlə bir bütün kriz və böhran çərçivəsində idarəetmədə mükəmməl söz sahibi olduğunun bir daha nümunəsi olaraq ortaya çıxmışdır. Azərbaycan Şərqlə Qərb, Asiya ilə Avropa arasında körpü rolunu oynamaqla bərabər, Azərbaycan lideri İlham Əliyev də əsl körpü rolunu oynayan unikal şəxsiyyət, lider kimi dünya tarixinə düşmüş, artıq öz sözünü demişdir. Belə ki, başladığı gündən bugünə qədər qlobal böhran çərçivəsində Azərbaycan prezidentinin düşünülmüş, unikal, öz ölkəsinin vətəndaşlarının sağlamlığını əldə əsas tutan addımlar atan qərarlar qəbul etməsi, bu mexanizmə sahib olan hökumət və onun qurumlarının aktiv fəaliyyətinə dəstək verib təşviq etməsi, yönləndirməsi, istiqamətləndirməsi və əlbəttə ki, mərhələli plan çərçivəsində təcrid mexanizminin tətbiqi və insanların sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə bağlı konkret qərarların atılması Azərbaycan Prezidentinin və onun atdığı addımların Dünya Səhiyyə Təşkilat, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Birləşmiş Millətlər Təşkilatı, BMT-nin Baş Assambleyası, Avropa Birliyi, Qoşulmama Hərəkatı kimi dünyanın öndə gələn nüfuzlu beynəlxalq təşkilatları və onların rəhbərləri tərəfindən təqdir olunmuş və ən yüksək səviyyədə dəyərləndirilmişdir.

Dünya Səhiyyə Təşkilatının fəaliyyətinə ilk mərhələdə beş milyon və daha sonrakı mərhələdə yenidən beş milyon dəyərində könüllü ianə ilə dəstək verilməsi, eyni zamanda bu qlobal krizis dönəmində, böhran çərçivəsində insanların öz həyatlarını itirmək təhlükəsi ilə üzləşdiyi bir dövrdə, dövlətlərin sərhədlərini bağlayıb əlaqələrini bütün səviyyələrdə kəsmək üçün cəhdlər etdiyi dövrdə, Azərbaycan Prezidentinin sürətlə dəyişən və yüksələn yeniliklərə doğru konkret addımlar atması və sərhədlərin bağlı olmasına baxmayaraq bütün müvafiq innovativ imkanlardan və müasir informasiya texnologiyalarından istifadə edərək dünya tarixində ilk dəfə telekonfrans yolu ilə Dövlət Başçılarının Sammitinin ən yüksək səviyyədə keçirilməsinə nail olması onun tarix qarşısında unikal qabiliyyətini və eyni zamanda yenilməz idarəçilik mexanizminə sahib olmasını ön plana çıxartmışdır.

Dünən baş tutan Sammit çərçivəsində Avropa İttifaqının Xarici Əlaqələr Komitəsinin Yüksək Komissarının bildirdiyi qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində Azərbaycanın bu addımlarını yüksək dəyərləndirməsi, eyni zamanda, BMT Baş katibinin və BMT Baş Assambleyasının Prezidentinin bu Qoşulmama Hərəkatının Sammitində öz fikirlərini ifadə edərkən pandemiyaya qarşı mübarizədə dünyadakı bütün münaqişələrin dayandırılması, səylərin bir istiqamətə yönləndirilməsi və dünyada baş verən bu proseslərdən sonrakı, yəni pandemiya sonrakı dövrdə iqtisadi tənəzzülün qarşısının alınması və əhalinin sağlamlığının və yeni dünya sisteminə alışdırılması ilə bağlı konkret hansı addımların atılması ilə əlaqədar fikir mübadilələrinin aparılması və bu mübadilələr fonunda Azərbaycan Prezidentinə təşəkkür etməsi, nə qədər tarixi zərurətdən ortaya və meydana çıxan bu addımların cənab prezident tərəfindən yerində, vaxtında və zamanında atıldığının bir daha bariz nümunəsi kimi ortaya çıxmışdır.

Şübhəsiz, Azərbaycan Prezidentinin bu istiqamətdə atmış olduğu addımlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində və xarici siyasət strategiyasında da nüfuzunun, söz sahibi olmasının, gücünün, imic və prestijinin daha da güclənib qüvvətlənməsinə, ölkə rəhbərinin inanılmaz liderlik xüsusiyyətləri ilə həm öz ölkəsini, həm də dünyanın baş verdiyi bu bəla prosesində güclü və rəqabətə davamlı mövqeyi ilə bütün dünyanın bəladan qurtarılması ilə bağlı atılan addımlarda söz sahibi və mövqe sahibi olduğunu bir daha ortaya qoymuşdur.

BMT Baş katibi Antoniu Quterreşin birbaşa Azərbaycan Prezidentinə təşəkkür etməsi və fikirlərini ifadə edərkən böhranın yerli iqtisadiyyatın çökməsinin qarşısının alınmasında təşviş içərisində olan insanların o təşvişdən çıxarılıb normal həyata qaytarılmasında, eyni zamanda, mərhələli həll yolları ilə tədricən bu təcrid prosesindən çıxarılması, makro və mikro iqtisadi göstəricilərin yüksəldilməsi istiqamətində Azərbaycan hökumətinin atdığı addımlar və əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının təmin olunması, insanların minimal zərər və ölümlərlə pandemiyaya qarşı mübarizə çərçivəsindəki planlardan istifadə edərək yararlanması kimi ölkə rəhbərinin bilavasitə rəhbərliyi ilə atılan düşünülmüş, tələblərə sürətlə cavab verən addımları BMT Baş katibi tərəfindən də yüksək dəyərləndirilmişdir.

Şübhəsiz bu proseslərdə Azərbaycan Parlamenti də Azərbaycan Prezidentinin tarixi və dünyəvi çağırışlarına mütləq səs verməli, sahib çıxmalı, həmrəylik nümayiş etdirərək, parlament diplomatiyasından aktiv istifadə edərək yerli, regional və beynəlxalq səviyyədəki parlament təşkilatları vasitəsi ilə Azərbaycan Prezidentinin bu çağırışlarını, Azərbaycan Prezidentinin atmış olduğu tarixi addımları geniş, açıq və aydın şəkildə təbliğ etməlidir. Azərbaycan Milli Məclisinin toplantısında hörmətli Azərbaycan Milli Məclisinin sədri Sahibə xanım Qafarovanın da Azərbaycan Prezidentinin fikirlərinə dəstək olaraq, birlikdə və bərabər Prezidentimizin hər bir addımına həmrəylik nümayiş etdirməliyik fikri əlbəttə ki, bu qəbildən atılmış nümunəvi bir addımdır.

Biz millət vəkilləri olaraq cənab Prezidentin bu tarixi çağırışlarına səs verməli və əminəm ki, bu çağırışların effektiv və konkret nəticələr verməsi, təbliğat və doğru, düzgün şəkildə təşviq olunması üçün parlament diplomatiyasından maksimal şəkildə istifadə etməliyik.

Bildiyimiz kimi, bugün Azərbaycanın dünyanın 82 ölkəsinin parlamentləri ilə dostluq qrupları və işçi qrupları fəaliyyət göstərməkdədir. Və eyni zamanda Azərbaycan Milli Məclisinin bir çox beynəlxalq və regional parlament təşkilatlarında Azərbaycan nümayəndə heyətləri formalaşdırılmış və fəaliyyətə başlamışlar.

Əlbəttə ki, hal-hazırda birbaşa ünsiyyət mexanizmi, yani gediş və gəliş, aviaəlaqələr olmamasına baxmayaraq videkonfrans və onlayn əlaqələr bugün də yüksək şəkildə inkişaf etməkdədir ki, bunun ən mükəmməl nümunəsini Azərbaycan Prezidenti innovativ texnologiyaları tətbiq etməklə Azərbaycan və dünya ictimaiyyəti üçün təqdim etmişdir. Bu baxımdan, mənim vermək istədiyim təklif Azərbaycan Parlamentinin bu prosesdə aktiv iştirak etməsidir. Bildiyiniz kimi, Azərbaycan Prezidenti dünən tarixi təşəbbüskarı olduğu Qoşulmama Hərəkatının Zirvə toplantısında yeni bir tarixi çağırışla dünya münasibətlər sistemində öz yerini almışdır. Azərbaycan Prezidenti dünən ifadə etdiyi fikrində əgər Qoşulmama Hərəkatının üzvləri etiraz etməyəcəkləri təqdirdə fəaliyyətdə olan sədr kimi BMT-nin daxili nizamnaməsinin müvafiq bəndlərinə uyğun olaraq, BMT-nin qlobal pandemiyaya qarşı mübarizə çərçivəsində Baş Assambleyasının xüsusi videokonfrans yolu ilə Zirvə toplantısının keçirilməsinın ən gözəl bir addım ola biləcəyini vurğulamışdır.

Tarixi zərurətdən yaranan çağırış Azərbaycan prezidentinin qətiyyətli, iradəli, anında və zamanında praqmatik reaksiya vermək qabiliyyətini bir daha ortaya qoymaqla yanaşı, BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı tarixi təşəbbüsünün də nə qədər vacib və əhəmiyyətli olduğunu ortaya qoymuşdur.

Bu baxımdan mən əminəm ki, Azərbaycan Parlamenti də cənab Prezidentin bu istiqamətdəki fikrinə tam çəkildə dəstək verməli, şəxsən mənim fikrimcə, hörmətli Azərbaycan parlamentinin rəhbərliyi məqsədəuyğun hesab edəcəyi təqdirdə Azərbaycan Parlamentinin 82 ölkə parlamentləri ilə mövcud olan dostluq qrupları vasitəsilə həmin ölkələrin milli parlamentlərinə məktub vasitəsilə müraciətlər ünvanlanmalı və Azərbaycan Prezidentinin BMT-nin Baş Assambleyasının xüsusi toplantısının COVID 19 pandemiyasına qarşı mübarizə çərçivəsində toplantısının keçirilməsi ilə bağlı təşəbbüsü açıq və aydın şəkildə əməkdaşlıq etdiyimiz ölkələrin parlamentlərində təbliğ olunmalı və bununla bağlı geniş açıq informasiya mübadiləsi həyata keçirilməlidir.

Bildiyiniz kimi, milli parlamentlər dövlətlərin idarə edilməsi mexanizmində önəmli rol oynamaqdadır. Qəbul olunan bütün deklarasiyalar, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan bütün çağırışlar nəticə etibarı ilə parlamentlərə gəlib ratifikasiyadan keçdikdən sonra ümumi şəklini alaraq həyata keçirilir. Biz əvvəlcədən buna zəmin hazırlayıb, Azərbaycan Prezidentinin dünyanın ən böyük təşkilatı olan BMT çərçivəsində baş tutması üçün çalışmaqla bərabər buna yerli parlamentlər səviyyəsində zəmin hazırlamaq üçün indidən addımlar atmalı və bu prosesi üzv olduğumuz dostluq qrupları vasitəsi ilə açıq və aydın şəkildə təbliğ etməliyik.

Eyni zamanda parlament diplomatiyasının digər qolu olan beynəlxalq parlament təşkilatlarındakı Azərbaycan nümayəndə heyətlərinin imkanlarından da maksimum şəkildə istifadə etməliyik. Azərbaycan parlamentinin beynəlxalq parlament təşkilatlarındakı çox gözəl, bacarıqlı, qabiliyyətə sahib olan millət vəkillərindən ibarət olan nümayəndə heyətləri formalaşdırılmışdır ki, bu nümayəndə heyətlərimiz vasitəsi ilə də, ölkə parlamentimizin rəhbərliyi məqsədəuyğun hesab edəcəyi təqdirdə, yenə bir məktub ünvanlanmalı və bu məktub vasitəsilə Azərbaycan Prezidentinin qlobal çağırış daşıyan böhran çərçivəsində dünya dövlətlərinin biri-birləri ilə qarşılıqlı ünsiyyətini və pandemiyaya qarşı birlikdə gələcəkdə də mübarizə aparmaq metodlarını ortaya qoyan və BMT-nin Baş Assambleyasının xüsusi toplantısının çağırılması ilə bağlı çağırışını və bunun zərurətinin nədən ibarət olması ilə bağlı məlumatları geniş və açıq şəkildə bizim parlamentimizin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri vasitəsilə məktub göndərilərək, hər hansı bir konfranslar keçirərək, beynəlxalq parlament təşkilatlarına da çatdırılması bizim üçün çox faydalı və müsbət nəticə verəcəyinə də əminik.

Bu baxımdan, bütün bu proseslər onu göstərir ki, Azərbaycan prezidenti qəti addımları ilə qısa müddət ərzində nəinki öz ölkəmizin vətəndaşlarının və onların rifahının, eyni zamanda, sağlamlığı və təhlükəsizliyinin qorunması ilə bağlı tarixi addımlar atmış, eyni zamanda bir çox beynəlxalq təşkilatlar vasitəsilə dünya beynəlxalq münasibətlər sistemində qlobal böhranın idarə edilməsində xüsusi liderlik qabiliyyətini, xüsusi istedada, praqmatik düşüncəyə sahib olduğunu bir daha və bir daha ortaya qoyaraq müasir və yeniləşən dünya sistemində bütün praqmatik və yeniləşən addımlara sürətlə reaksiya verməsinin və eyni zamanda dünyada baş verən bütün qlobal bəlalara qarşı birgə mübarizədə liderlik missiyasını və körpü rolunu, koordinator missiyasını üzərinə götürdüyünü bir daha təsdiq etmişdir. Bütün bunların hər birinə görə Azərbaycan xalqı tarix qarşısında cənab Prezidentə minnətdar olmalıdır.

Mən əminəm ki, Azərbaycan prezidentinin atdığı hər bir tarixi addım tarixin bütün mərhələlərində yüksək şəkildə dəyərləndiriləcək və bizim gələcək nəsillərimiz üçün hər zaman və hər an qürur mənbəyi olacaqdır.



Azərbaycan Respublikası Milli Məclisinin üzvü Ramil Həsən
Xəbəri paylaş