Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sovet imperiyasını lərzəyə salan Şuşanın dağları mahnısı

Sovet imperiyasını lərzəyə salan Şuşanın dağları mahnısı


Newscenter.az.8.05.2021. Azərbaycanın görkəmli xanəndəsi Xan Şuşinski 1901-ci il avqust ayının 20-də Azərbaycanın musiqi və poeziya beşiyi olan Şuşa şəhərində anadan olmuşdur. Azərbaycan Cümhuriyyəti 1918-ci ildə qurulanda 17 yaşlı Xan Şuşuniski Şərqin ilk demokratik respublikasının vətəndaşı idi və o müstəqil dövlətin üç rəngli bayrağının Şuşa şəhəri üzərində dalğalanmasının şahidi olmuşdur. Xanəndə kimi Azərbaycan Cümhuriyyətinin keçirdiyi tədbirlərdə iştirak edən Xan Şuşinski yaşadığı şəhərdə ilk respublikanın mədəniyyət xadimləri sırasında da yer tutmuşdur. Nuru Paşa ilə Şuşada görüşmüş Xan əminin xatirəsində o yenilməz sərkərdə kimi qalır.

Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan cümhuriyyətin ilk hərb naziri Xosrov bəy Sultanov Xanın öz sənəti ilə yeni yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, vaxtaşırı hərbçilər qarşısında çıxışlar etmək şərtilə, onu hərbi xidmətdən azad edir. Xan Şuşinski bir müddət Gəncədə və ətraf bölgələrdə kütlələr qarşısında və rəsmi tədbirlərdə çıxışlar etdikdən sonra rusların Gəncəni zəbt etməsi və 1920-ci ilin mayında sovet hakimiyyətinə qarşı baş vermiş Gəncə qiyamından sonra yenidən Qarabağa qayıdaraq, Ağdam şəhərində məskunlaşır, el şənliklərində iştirak edərək yaradıcılığını davam etdirir.

1920-ci ildə Rusiya Azərbaycanı işğal edəndən sonra 19 yaşlı Xanın yaddaşında müstəqillik illəri və Azərbaycan bayrağı qalmış idi.
1933-cü ildə bəstələdiyi “Şuşanın dağları” mahnısını “Zabul” muğamı üstündə bəstələyir. Xan əmi bu mahnıda Vətənin sipəri olan, düşmən qarşısına mərdi-mərdanə çıxan Şuşanın dağlarını, təbiətini qırmızı koftalı, yaşıl tumanlı gözə, qıza bənzədir. Zaman keçdikcə, mahnı xalqın dillər əzbərinə çevrilir. .Azərbaycan folklorunda ikinci belə musiqi tapmaq çətin məsələdir ki, həmin əsərdə Şuma dumanı xatırlansın, yaşıl ətirli otlardan danışılsın, Şuşa gözəllərinin gülərüzlülüyü vəsf edilsin. Bu mahnı lap əvvəldən həm melodiyasına, həm ritminə, həm həmahəngliyinə, həm də ruhuna görə Qarabağı əks etdirir.

Lakin sənətkarın bu mahnısına "siyasi don" geyindirənlər də tapılır. Şuşanın dağlarının başının niyə dumanlı olması, üstəlik, qırmızı və yaşıl rənglərlə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını nəzərdə tutmasına dair şübhələr və sorğu-sual az qala istintaq səviyyəsinədək yüksəlir. Mahnın ilk versiyasında

"Şuşanın dağları abı dumanlı,
Qırmızı qoftalı yaşıl tumanlı-

sözləri sovet təhlükəsizlik xidmətinin xoşuna gəlmir. Onu buna görə çox incidlər. Deyirlər sən Müsavata xidmət edirsən, o dövrün dövlətini təbliğ edirsən. Eyni zamanda mahnı qrammofon valına yazılarkən bildirilmişdi ki, mahnıda "duman" və "ölürəm" kimi çoxlu kədərli sözlər var, xanəndə cavabında Şuşanın dumanlı dağ zirvələrindən birinə işarə edərək, söylədi ki, dağların zirvələri elə dumanlı olmalıdır, "ölürəm" kəlməsi isə həqiqi ölmək mənasında deyilmir.Buna baxmayaraq, Şuşinskidən mahnı sözlərinin dəyişdirilməsini tələb edərək söylədilər ki, sovet Şuşa dağlarının başı "dumanlı" ola bilməz. Nəticədə Xan Şuşinski xüsusi senzura komissiyasını həmin mahnının yalnız bir kəlməsinin - "Şuşanın dağları başı dumanlı” əvəzinə "Şuşanın dağları deyil dumanlı” dəyişdirilməsinə razı salır. Qırmızı qoftalı yaşıl tumanlı- sözləri isə mahnıda olduğu kimi qalır...

Dosent Zaur Əliyev
Xəbəri paylaş