Newscenter.az.25.12.2018. Holiday Inn Baku Hoteldə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AMEA Tarix İnstitutu ilə əməkdaşlıq çərçivəsində “Virtual Qarabağ” informasiya – kommunikasiya texnologiyaları gənclər ictimai birliyi tərəfindən istehsal olunmuş “Qarabağ: Əcdadlarımızın mirası” sənədli filminin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Cəbrayıl-virtual səyahət” 3 D qrafik təsvirli filminin ictimaiyyətə təqdimatı keçirildi.
Newscenter.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İB-nin sədri Tural Gəncəliyev, Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, və digər rəsmilər iştirak edirdilər.
3 dildə - azərbaycan, ingilis, rus dillərində istehsal edilən “Qarabağ – Əcdadlarımızın mirası”adlı sənədli filmi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan, doğma Qarabağ torpaqlarının, onun mədəni irsinin Azərbaycana, azərbaycanlılara məxsus olması və bu gerçək həqiqət haqqında erməni yalanlarının ifşa olunması, Ermənistanın əzəli Azərbaycan torpaqları olan Qarabağa ərazi iddiaları haqqındadır. Bu məlumatların Azərbaycan cəmiyyətinə, dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə obyektiv şəkildə çatdırmaq sənədli filmin əsas məqsədidir.
Filmdə Qarabağın yerləşdiyi coğrafi ərazi, onun təbiəti, əhalisi, mədəni irsi, Alban və İslam abidələri, burada mövcud olmuş qədim mədəniyyətlər haqqında, orta əsrlərdə, Xanlıq dövründə, 19 – cu yüzildə, 20 – ci əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti və Sovet Hakimiyyəti zamanı Qarabağın vəziyyəti barədə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəymiş ziyanlar, işğaldan azad olunan yeni ərazilərdə quruculuq işləri haqqında fakta söykənən görüntülü məlumatlar verilir. Nə üçün Qarabağ bizə bu qədər doğmadır, vacidir? sualına filmin sonunda çünki Qarabağ sonuncu qaladır, cünki Qarabağ əcdadlarımızın mirasıdır – deyə cavab verilir.
“Qarabağ – Əcdadlarımızın mirası” sənədli filmi Azərbaycanda Qarabağın bütün tarixi dövrlərini və müasir işğal dövrünü orjinal çəkiliş materialları, arxiv çəkiliş materialları, arxiv sənədləri və muzey materialları ilə əks etdirən modern formatda hazırlanmış ilk ümumi filmdir.
Filmin ideya müəllifi və direktoru Nurəddin Mehdiyevdir. Filmin baş məsləhətçi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Akademik Yaqub Mahmudov, ssenari müəllifi tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa, tarixçi Ramin Əlizadə, qurluşçu rejissoru Teymur Nəcəfzadə, İngilis versiyasının redaktoru Birləşmiş Krallıqdan jurnalist İan Peart – dir. Filmi ingilis dilində ABŞ – dan Jill Goldman, Azərbaycan dilində Vüsal Xaliqoğlu, rus dilində Konstantin Qayçuk səsləndirmişdir.
Nümayiş olunan digər məhsul - Cəbrayıl haqqında “Cəbrayıl – virtual səyahət” 3 D qrafik təsvirli film də ölkəmizdə həm yeniyetmələrin, həm də gənclərin işğal altında olan torpağımız barədə vizual maariflənməsinə xidmət edəcək. Filmdə işğal altındakı Cəbrayıl rayonunda olan Divlər sarayı,Sirik qalası, 11 tağlı və 15 tağlı Xudafərin körpüsü, Şıxbaba türbəsi, Hacı Qaraman ziyarətgahı, kolxoz bazarı, şahmat məktəbi, Cocuq Mərcanlı məscidi kimi arxeoloji, tarixi, dini və müasir abidlər qrafik təsvirlərlə bərpa olunaraq , nümayiş etdirilir.
“Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011 – ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011 – 2015- ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 2013 – cü ildə yaradılmış, 31. 10. 2017 – ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” informasiya kommunikasiya texnologiyaları gənclər ictimai birliyi adlandırılmışdır. İctimai birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Mərkəz bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədəir. Bu məhsullar içərisində Azərbaycan, rus , ingilis , türk dillərində olan “Qafqaz Albaniyası: Gecikmiş həqiqətlər”, ”İrəvan – gizlədilmiş həqiqətlər”, “Zəngəzur” sənədli filmləri, “Qarabağa doğru” informativ filmi, Azərbaycanın ilk virtual muzeyi olan “Virtual Qarabağ Tarixi Muzeyi”, Şuşa, Laçın, Ağdam, Kəlbəcər, Qubadlı 3D qrafik təsvirli filmləri, “Qarabağın səsi” beynəlxalq layihə, “Qarabağ atı” animasiya filmi, “Qarabağın Dövlət əhəmiyyətli tarixi abidələrinin elektron xəritəsi”, Qarabağ mövzusunda kiçik metrajlı infovideoları, Qarabağa dair müasir - kütləvi elktron kitabxananı qeyd etmək olar.