Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ rektoru beynəlxalq konfransda çıxış edib

Aİİ rektoru beynəlxalq konfransda çıxış edib


Newscenter.az.22.02.2019. Tatarıstan Respublikası Bolqar İslam Akademiyasının “Müasir tədris sistemində islamşünaslıq və islam teologiyası: problemlər və perspektivlər” mövzusunda təşkil etdiyi beynəlxalq elmi-praktik konfransda Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) da təmsil olunub.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov konfransda “Azərbaycanın din təhsili sahəsində təcrübəsi” mövzusunda məruzə ilə çıxış edib, Aİİ-nin fəaliyyəti barədə məlumat verib.

C.Məmmədov müstəqil Azərbaycanda dövlət-din münasibətlərindən söz açaraq, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra, sözügedən sahəyə diqqət və qayğının artırılmasından bəhs edib.

İnstitut rəhbəri ölkəmizdə din təhsilinin tarixindən, Aİİ-nin fəaliyyətinin təşkili istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib. C.Məmmədov bildirib ki, bu istiqamətdə Türkiyə, Rusiya, Orta Asiya respublikalarının, Avropa və ərəb ölkələrinin, həmçinin Amerika Birləşmiş Ştatlarının təcrübəsi öyrənilir, bütün bunlarla yanaşı gələcəkdə İnstitutda elmi tədqiqat mərkəzlərinin, rus, ingilis və ərəbdilli qrupların yaradılması, yəhudilik və xristianlıq üzrə mütəxəssislərin hazırlanması da nəzərdə tutulur.

Tədbirdə Rusiyanın və digər ölkələrin dövlət və din tədrisi müəssisələrinin, icra hakimiyyəti federal orqanlarının, dini konfessiyaların nümayəndələri, YUNESKO kafedrasının rəhbərləri, həmçinin Rusiyada Təhsil, İncəsənət və Mədəniyyət Məsələləri üzrə İslam Təşkilatının (İSESKO) nümayəndələri iştirak ediblər.
Konfransda milli-mədəni ənənələr, mədəniyyətlərarası və dinlərarası qarşılıqlı anlayışın qorunması və inkişafı məqsədilə dini və dünyəvi tədrisin inteqrasiyası, həmçinin digər mövzular müzakirə olunub.
Aİİ rektoru C.Məmmədov səfər zamanı keçmiş sovet respublikalarının, o cümlədən Rusiya, Qazaxıstan və Özbəkistanın ali dini təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı səfərlər və təcrübə mübadiləsi barədə müzakirələr aparıb.
Xəbəri paylaş