Newscenter.az.9.05.2019. "İranın nüvə sazişindən mərhələli şəkildə çıxması əsasən Avropa ölkələrinin Tehrana qarşı sanksiyalara qoşulmasına səbəb olacaq. Artıq 2015-ci ildə bağlanan nüvə sazişi qüvvədən düşmüş sayılır və İranın aqressiv tonu regionda mürəkkəb siyasi-hərbi vəziyyət yaradır".
Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəməd Əsədullazadə çıxış edib. O, bildirib ki, Tehran ABŞ və NATO ilə hərbi qarşıdurmaya gedərsə ölkədə rejim dəyişikliyinə gətirə bilər:
"Bundan əlavə, ölkə daxildə etnik bəlluclar və ərəblərin terror aksiyalarına məruz qalar. ABŞ və NATO İranın nüvə sazişindən çıxmasını dünya üçün qlobal fəlakət elan edib. Hər iki güc mərkəzinin rəsmi Tehranın artıq nüvə silahı əldə etməsi yolunda olduğunu elan edərək hərbi əməliyyatlar həyata keçirməsi mümkündü. ABŞ İran siyasətindən o zaman geri çəkiləcək ki, bu ölkənin Suriya, İraq, Fələstin və Yəməndə hərbi -siyasi fəaliyyətini bloklasın. Artıq, İraq da İrana qarşı ABŞ-ın yanında olacaq. ABŞ dövlət katibi M. Pompeo Bağdada səfər edərək SEPAH-ın HAŞDI-ŞABİ silahlı təşkilatında fəaliyyətini dayandırmasını və İranla əlaqələrin dayandırlmasını müzakirə edib".
Politoloq bildirib ki, İran ətrafında ABŞ ciddi halqa formalaşdırmaqla, bu ölkəni izolyasiya etməyincə geri çəkilməyəcək:
"Rusiya və Çinin İrana tam dəstək verməsi gözlənilmir. ABŞ-ın Fars körfəzinə hərbi gəmi və təyyarələrini göndərməsi İrana təzyiq vasitəsidir və danışıqlara cəlb etmək istəyindən ibarətdir. Məhz Trampın İran rəsmiləri ilə görüşünü təklif etməsi buna əsaslanır. Tramp ilk əvvəl güc göstərir və sonra danışıqlara dəvət edir. İranın ABŞ-la anlaşaraq danışıqlara getməsi zəruridir.
İrana qarşı müharibə təhdidi və iqtisadi sanksiyaların İran-Azəbaycan əlaqələrinə mümkün təsirləri olacaq. İlk növbədə İran Astanada Xəzərin statusu üzrə bağlanan Konvensiyanı ratifikasiya etməyə bilər. Həmçinin Xəzər dənizində Azərbaycana qarşı yenidən ərazi sularında pay tələb edər".