Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rotşildin Mehriban Əliyeva ilə görüşü sıradan bir görüş deyil

Rotşildin Mehriban Əliyeva ilə görüşü sıradan bir görüş deyil


Newscenter.az.29.05.2019. Birinci vitse-prezident Mehriban Əliyevanın bu gün dünyaca məşhur “Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşild ilə görüşü diqqətimi çəkdi. Bu, sıradan bir görüş deyil. Ümumiyyətlə, Rotşildlər ictimai ünsiyyətə, media nümayəndələrinin iştirak etdiyi görüşlərə elə də həvəsli deyillər. Amma Azərbaycanın Birinci vitse-prezidenti ilə görüş “Rothschild Global Financial Advisory” şirkətinin rəhbərinin xüsusi önəm verdiyi görüşlərdən biridir. Xatırladaq ki, bu ilin mart ayında Parisə səfəri çərçivəsində də Mehriban Əliyeva David dö Rotşild ilə görüşmüş və həmin görüş zamanı Mehriban xanım onu Bakıya dəvət etmişdi. Yeri gəlmişkən, Parisdəki görüş zamanı Azərbaycanın Mərkəzi Bankı ilə “Rothschild Global Financial Advisory” şirkəti arasında çox önəmli bir razılaşma əldə edilmiş və strateji əməkdaşlıq haqqında saziş imzalanmışdı.

“Rothschild Global Financial Advisory” şirkətinin rəhbəri David dö Rotşildin Mehriban Əliyeva ilə bugünkü görüşü zamanı toxunduğu bir məqam da xüsusi əhəmiyyətə malikdir. Belə ki, o, öz əcdadları olan böyük Rotşildlərin Azərbaycandakı fəaliyyətinin tarixi köklərinin olduğunu vurğulayıb və həmin tarixi köklərin üzərində bu gün Rotşildlərin Azərbaycanda fəaliyyətinin yenidən bərpa edilməsinin vacibliyini qeyd edib. Bu çox önəmli bir məqamdır. Rotşildlər hər ölkə və hər şirkətlə əməkdaşlığa "hə" demirlər. Onlar öz nüfuzlarını, mötəbər statuslarını xüsusi həssaslıqla, titizliklə qoruyurlar. Hansı ölkə ilə əməkdaşlığa razılıq verirlərsə, demək ki, həmin ölkənin hökumətinə güvənirlər, həmin ölkəni etibarlı tərəfdaş qismində görürlər. Əgər biz 19-20-ci əsrlərdə Rotşildlərin əməkdaşlıq etdiyi ölkələr, ölkə liderləri və şirkətlərin siyahısına baxsaq çox sanballı bir siyahının alındığını görərik. Bu siyahıda daha kimlər yoxdur ki? Prussiya kralları, Rusiya çarları, ingilis baş nazirləri, Avstriya imperatorları, Osmanlı sultanları, ABŞ prezidentləri və s. Bu gün Rotşildlər əgər belə demək mümkünsə, özləri ayrıca bir dövlətdir, böyük maliyyə imperiyasıdır. Və son 200 ildə dünyada baş verən bütün qlobal siyasi proseslərin, iqtisadi gəlişmələrin pərdəarxasında da ilk növbədə məhz Rotşildlərin dayandığını görürük. Odur ki, cənab David dö Rotşildin Bakıya səfəri və onun Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə işgüzar görüşü tarixi əhəmiyyətli hadisədir. Biz bu səfərin və bu əməkdaşlığın Azərbaycan üçün faydalarını qarşıdakı illərdə görəcəyik.

Əlisahib Hüseynov -
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Xəbəri paylaş