Newscenter.az.11.09.2019. Yeni tədris ilinin başlanması, həmçinin fəal istirahət dövrü olan yay mövsümünün başa çatması ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bu dövrdə metro istifadəçilərinin sayı artır, sərnişin axını intensivləşir. Bunu nəzərə alaraq, metropolitendə hərəkət qrafiki mövsümün tələblərinə uyğun tərtib olunur və bir sıra müvafiq digər tədbirlər də görülür.
Newscenter.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılaraq, onların hərəkəti sıxlaşdırılacaq və nəticədə interval azaldılacaq.
Sentyabrın 14-dən tətbiq ediləcək qrafiklə iş günlərinin gur saatlarında "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə müəyyən olunub. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq. Onu da əlavə edək ki, Bakı metropolitenində gur hərəkət səhər saat 07:30-dan 09:30-a, axşam isə 17:30-dan 19:30-a qədər davam edir.
Onu da əlavə edək ki, Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə, xətlərin birləşdiyi “28 May" stansiyasından "Dərnəgül" və "İçərişəhər" istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq.
Bakı metropoliteni sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edir, həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə verilməsi və ya xətdən çıxarılması ilə əlaqədardır. Bu hallarda "Ulduz-Həzi Aslanov" sahəsində bəzi hallarda interval daha çox ola bilər. Eyni qayda ilə, "Həzi Aslanov-Ulduz" sahəsində günün qrafiklə müəyyən edilmiş vaxtlarında iki qatarın ardıcıl olaraq “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini müşahidə edilməsi mümkündür.
Qeyd edilən qrafik iş günlərini əhatə edir. İstirahət, o cümlədən qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur.
Yeni qrafik 2020-ci ilin yay aylarına qədər qüvvədə olacaq.
Məlumat üçün bildiririk ki, Bakı metropolitenində hərəkət qrafiki il ərzində iki dəfə dəyişdirilir. Tədris ilinin başa çatması, habelə yay mövsümündə şəhərdən kənarda istirahətə üz tutan
sərnişinlərin sayının əsaslı şəkildə artması ilə əlaqədar metropolitendə qismən yüngülləşdirilmiş qrafik tətbiq olunur.
Anar