Newscenter.az.12.09.2019. Bakı metropoliteninin "Xətai" stansiyası istifadəyə verilib.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
Qeyd edək ki, 2018-ci il sentyabr ayının 27-dən “Xətai” stansiyası əsaslı təmir işləri ilə əlaqədar bağlanıb. Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan "LT-2" tipli 3 eskalator sökülüb. Onların əvəzinə Almaniyanın "Thyssen Krupp Fahrtreppe" şirkətinin "Victoria Tube" tipli 4 eskalatoru quraşdırılıb. Dərin özüllü stansiya bir giriş-çıxışlı olduğundan, quraşdırılan 4 eskalator sərnişin axınının sürətini daha rahat tənzimləməyə, təhlükəsizliyi gücləndirməyə imkan verir.
"Xətai" stansiyasında eskalatorlar yeniləndiyi müddətdə vestibülün əsaslı təmiri də aparılıb. Burada divar və döşəmənin istismar müddətini başa vurmuş mərmər-qranit örtüyü sökülərək yenilənib, maili gedişin divarları və tavanı dövrün tələblərinə uyğun təmir olunub.