Newscenter.az.27.09.2019. Prezident İlham Əliyevin Goranboy rayonunun Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun tikintisi ilə bağlı sərəncamına əsasən, hazırda rayon ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 5 istiqamət üzrə avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yüksək sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılıb.
Agentlikdən Newscenter.az-a bildirilib ki, söhbət Qızılhacılı–Goranboy–Goran–Rəhimli–Veyisli–Qazanbulaq–Borsunlu avtomobil yolunun Goranboy-Goran, Goranboy-Tərtər, Goranboy-Borsunlu, həmçinin Gürzallar-Rus Borisi avtomobil yollarından və Qazanbulaq kəndinin giriş yolundan gedir.
Aparılan yenidənqurma işləri çərçivəsində artıq Goran-Goranboy, Goranboy-Tərtər, Goranboy-Borsunlu, Gürzallar-Rus Borisi və Qazanbulaq kəndinə giriş yolu hissələrində yenidənqurma işləri texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılaraq yekunlaşdırılıb.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 32 min nəfər əhalinin rahat gediş-gəlişini təmin etmək, M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Bunun üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri çərçivəsində yollar 3-cü və 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Tikinti layihəsinin sonuncu mərhələsində 257 yol nişanının, 1200 ədəd siqnal dirəyinin quraşdırılması, 6 avtobus dayanacağının tikintisi, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılıb və vətəndaşların istifadəsinə verilib.
Anar